Son illər xüsusilə, gənclər arasında tatuaj və pirsinqə maraq xeyli artıb. Hindlilər, yaponlar, amerikalılar və Afrikadakı bəzi qəbilələr döyməni bəzək məqsədilə istifadə etsələr də, bir çox bölgələrdə bu ənənə xəstəliklərdən və pis ruhlardan qoruyan bir tilsim kimi də tətbiq olunub. Bəzi hallarda isə döymə fərdin cəmiyyətdəki mövqeyini və statusunu ifadə edən bir vasitə hesab edilir.
Döymə etmə ənənəsi çox qədim dövrlərə gedib çıxır. Eramızdan əvvəl təxminən 2000-ci illərdə Qədim Misirdə, Qalliyalılarda, Britonlarda və Traklarda döymənin mövcud olduğu mumiyaların üzərində aparılan araşdırmalardan məlum olub.
Qədim Yunanıstan və Romada isə döymə barbar xalqlara xas məşğuliyyət kimi qiymətləndirildiyi üçün əsasən kölələrə və cinayətkarlara məcburi şəkildə tətbiq edilirdi. Xristianlıq inancında döymə qadağan edilsə də, ilk xristianların bəziləri bədənlərinə İsanın adını və ya xaç naxışlarını əks etdirən döymələr etdiriblər.
Avropalılar döyməni ifadə edən “tattoo” sözünü Taiti dilindəki “tautau” sözündən götürmüşlər. Döymə sənəti XX əsrin əvvəllərindən etibarən, xüsusilə dənizçilər arasında geniş yayılmışdır. Onlar romantik hissləri, vətənpərvərliyi və ya dini inancı ifadə etmək məqsədilə döymələrdən istifadə edirdilər. Lakin gigiyenik qaydalara riayət olunmaması və bəzi xəstəliklərin, o cümlədən AIDS-in yayılması təhlükəsi səbəbindən icazəsiz tatuaj fəaliyyətlərinə qadağalar tətbiq edilmişdir.
Bəs tatuajın insan sağlamlığı üçün hansı zərərləri və riskləri var ?

Sualımızı cavablandıran həkim – allerqoloq Şahvələd Məmmədov Zefer.media-ya açıqlamasında bildirib ki, tatu etdirməzdən əvvəl nəzərə alınmalı olan bəzi mühüm məqamlar var:
“Ən vacib məsələlərdən biri isə onun sağlamlıq baxımından risklər daşımasıdır. Qalıcı tatuaj bəzi hallarda AIDS-dən xroniki böyrək çatışmazlığına qədər müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.
Xüsusilə, yay aylarında gənclərin daha çox maraq göstərdiyi tatuaj bəzən orqanizmi xəstəliklərə qarşı daha həssas vəziyyətə sala bilər. İynələrin üzərində olan mikroblar bədənə daxil olaraq müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Əgər eyni iynə bir neçə nəfərin üzərində istifadə edilərsə, bu sarılıqdan AIDS-ə qədər müxtəlif yoluxucu xəstəliklərin yayılmasına şərait yarada bilər.
Müvəqqəti tatuajlar da bəzi hallarda zərərli hesab olunur. Son illərdə xüsusilə gənclər arasında sürətlə yayılan piercing və tatuaj estetik görünüş yaratsa da, müxtəlif allergik reaksiyaların və bəzi xəstəliklərin meydana çıxmasına səbəb ola bilər.
“Az zərərli” kimi təqdim edilən müvəqqəti döymələr belə bəzi hallarda dəridə yara və qıcıqlanma yarada bilər. Ümumilikdə tatuajın hepatit B, hepatit C və AIDS kimi bəzi ciddi xəstəliklərin yayılması ilə əlaqələndirildiyi də qeyd olunur.
Əvvəllər döymə (tatu) etdirməyə daha çox bəylər üstünlük verirdilər. Lakin hazırda bu sahəyə xanımların marağı daha çox müşahidə olunur”.
Həkimin sözlərinə görə, damarların üzərindən döymə etdirmək məsləhət görülmür:
“Həmçinin onurğa nahiyəsində edilən döymələr çox ağrılı hesab olunur. Digər bədən nahiyələrində isə döymə nisbətən rahat şəkildə tətbiq edilə bilər.
Döymə etdirdikdən sonra bəzi insanlarda çəkinin artması və ya azalması müşahidə oluna bilər. Bu dəyişikliklər döymənin görünüşünə ciddi təsir göstərmir. Çünki dəri dartıldıqca dərinin daxilindəki boya müəyyən qədər yayılır və görüntü əsasən dəyişməz qalır.
Keyidici vasitələrdən istifadə isə əksər hallarda tövsiyə edilmir. Bunun səbəbi həmin vasitələrin dərinin təbəqəsini şişirdərək genişləndirməsidir. Nəticədə döymə istənilən dəri qatına düzgün şəkildə yerləşməyə bilər.
Döymələr adətən dərinin daha dərin qatlarına işlənir. Bu səbəbdən onların silinməsi də uzun müddət tələb edir və çox vaxt təxminən on seans ərzində mümkün olur”.
Allerqoloq döyməni insanların zövq və şəxsi seçimi kimi qiymətləndirsələr də, tibbi baxımdan bunun mübahisəli məsələ olduğunu bildirib:
“Onların sözlərinə görə, istifadə olunan avadanlıq və iynələrin dəriyə daxil edilməsi bədənə bir müdaxilə sayılır. Bu səbəbdən mümkün infeksiyaların qarşısını almaq üçün mütləq tibbi yoxlamalar aparılmalıdır.
Xüsusilə, döymə etdirmək istəyən şəxslərin ən azı ciddi infeksiyalar – HIV, sifilis, hepatit B və hepatit C kimi xəstəliklərə görə müayinədən keçməsi vacib hesab olunur. Əgər şəxs ilk dəfə döymə etdirirsə, nəzərə alınmalıdır ki, istifadə olunan boya kimyəvi maddədir və dərinin altına yeridilir. Bu səbəbdən istənilən kimyəvi maddəyə qarşı bədənin reaksiyası mümkündür.
Bu reaksiya bəzən müvəqqəti xarakter daşıya bilər, lakin bəzi hallarda qalıcı allergik reaksiyaların yaranması ehtimalı da mövcuddur”.
Pərvin

















