İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdullahi ABŞ və İsraillə müharibənin yenidən alovlanacağı təqdirdə “bir çox sürprizin bir-birinin ardınca ortaya çıxacağını” bildirib.
Zefer.media TRT Haber-ə istinadən xəbər verir ki, İranın rəsmi IRNA xəbər agentliyinin məlumatına görə, general-mayor Abdullahi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni yeraltı raket bazasının təqdimatı zamanı çıxış edib.
ABŞ və İsrailin təhdidlərinə toxunan Abdullahi deyib:
“Düşmənin böyük və ya kiçik olması, onun hərbi texnika və obyektlərinin sayı bizim qərarlarımızın əsasını təşkil etmir. Biz nə düşmənin hesablamalarını qəbul edirik, nə də bu hesablamaların iradəmizə təsir göstərməsinə imkan veririk”.
İranlı komandan İsrailin Baş naziri Benyamin Netanyahunun təhdidlərinə də toxunaraq bildirib:
“Netanyahu bu yaxınlarda ‘Ya İranı məhv edəcəyik, ya da İran bizi məhv edəcək’ dedi. Bu sözlər yeni deyil. Onları mütləq məhv edəcəyimiz aydındır”.
Abdullahi çıxışının davamında isə bunları qeyd edib:
“Onlar əvvəllər güclərini sınayıb və malik olduqları bütün imkanlarla meydana çıxıblar, lakin məqsədlərinə çata bilməyiblər. İranı məhv etməyi hədəfləyiblər, amma buna nail ola bilməyiblər.
Bu səbəbdən, indiyədək bu qarşıdurmada qəti məğlub olan tərəflər sionist rejim və Amerikadır. Gələcək müharibədə sürprizlər bir-birinin ardınca ortaya çıxacaq”.
Lalə Qurbanlı




