Manşet

Zəfər Günü: Qanla yazılan salnamə

8 Noyabr 2026, 07:3122
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

2020-ci il…27 sentyabr…Cəbhə xəttində baş verən toqquşmalar qısa müddət ərzində genişmiqyaslı müharibəyə çevrildi. Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini və cəbhəboyu ərazilərdə yerləşən yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Dinc yaşayış məntəqələrinə tuşlanan mərmilər xalqı yenidən müharibənin ağır reallığı ilə üz-üzə qoydu. Baş verən hadisələrdən sonra Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı elan edildi. Sentyabrın 28-də Azərbaycanda qismən səfərbərlik də başladı.

44 gün davam edən İkinci Qarabağ müharibəsi ərzində rəşadətli Azərbaycan ordusu bir sıra şəhər və rayonları işğaldan azad etdi. Ordumuzun irəliləyişi ilə illərdir həsrətində olduğumuz torpaqlarda yenidən Azərbaycan bayrağı dalğalanmağa başladı. Oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də isə Qubadlı şəhəri nəzarətə götürüldü. Müharibənin ən mühüm hadisələrindən biri noyabrın 8-də Qarabağın nəfəsi, döyünən ürəyi – Şuşa şəhərinin azad edilməsi oldu. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın azad edilməsi xalqımızın illərlə qəlbində yaşatdığı arzunun gerçəkləşməsi demək idi.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında üçtərəfli bəyanat imzalandı. Sənədə əsasən, Bakı vaxtı ilə saat 01:00-dan etibarən münaqişə zonasında atəşkəs elan edildi və bütün hərbi əməliyyatlar dayandırıldı. Bəyanatda Ermənistan qüvvələrinin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması, həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında nəqliyyat əlaqəsinin yaradılması nəzərdə tutulurdu.

Razılaşmanın şərtlərinə uyğun olaraq, Ağdam rayonu noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarıldı. Beləliklə, 44 gün davam edən müharibə hərbi əməliyyatların dayandırılması və üçtərəfli bəyanatın imzalanması ilə başa çatdı.

Bu zəfərin arxasında canından keçərək Vətən torpağını bizə əmanət edən şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı və övlad acısını qəlbində daşıyan şəhid analarının bitib-tükənməyən həsrəti dayanır. Onların haqqı ödənməz.

Vətən müharibəsi Azərbaycanın hərb tarixinə silinməz qələmlə həkk olundu. Bu qayıdış uzun illərin torpaq həsrətinə son qoydu, minlərlə insanın qəlbindəki Vətən ağrısına məlhəm oldu, xalqın birliyi bu tariximizdə əbədi iz buraxdı. Bu gün biz qalib xalqın nümayəndələriyik və adımız Zəfərlə qoşa çəkilir.

Zəfərin mübarək, Azərbaycan!

 

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600