Gündəm

8 Noyabr – o gün bu gündür

8 Noyabr 2026, 10:055
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

8 noyabr müasir tariximizin elə bir günüdür ki, onu uzun zaman gözləmişik. “Uzun” dediyimiz bu zaman gözümüzdə, hissiyatımızda və qavrayışımızda əsrdən uzun görünsə də əslində 1988-ci ildən başlayıb 2020-ci ilin 8 noyabrına qədər davam edən cəmi 32 ildən ibarətdir. Torpaq itkisinin tapdaladığı qeyrət heysiyyatı, minlərlə insan itkisinin milyonlarla insana yaşatdığı ürək dağı və bu ağır mənəvi əzabların tamamilə mənasızlaşdırdığı insan həyatı sanki sonu görünməyən çıxılmazlıq sindromuna bürünmüşdü.
Top mərmilərinin darmadağın etdiyi şəhərlər və kəndlər, dədə-babalarımızın min bir zəhmətlə tikib övladlarına saxladığı və indi üstündən tank tırtıllarının keçdiyi mülklər, məktəblər, xəstəxanalar, muzeylər, məscidlər, məhv edilmiş yollar, parklar, meşələr – hər şey çoxdan yanıb kül olmuşdu. Amma onların beyinlərdən çıxan tüstüsü, ürəklərdən qopan ağrısı tükənmək bilmirdi.

Xalqın imdad gözlədiyi dünya və onu idarə edənlər 30 ildən çox qaçqınlığa və köçkünlüyə düçar olmuş 1 milyondan artıq günahsız insanın acı taleyindən narahat görünmürdülər. Bu tarixi ədalətsizliyin aradan qaldırılmasına müvəkkil olunmuş beynəlxalq dərəcəli və yüksək statuslu məmurlar özəl uçaqlarda sonsuz sayda səfərlər edir, qan içində boğulmuş Qarabağın problemini dünyanın ən zəngin ölkələrində yerləşən ən bahalı otellərin gül-çiçəkli salonlarında gülə-gülə müzakirə edir, amma qaçqın və köçkünlərin on illərlə sızlayan yaralarını sarımağa heç tələsmirdilər.

Maddi, mənəvi və psixoloji sarsıntılar içində yaşanan 32 ilin hər günü, hər saatı məhrumiyyətlərlə, faciələrlə, torpaq nisgili və yurd həsrəti ilə qol-qola, qoyun-qoyuna sanki qaranlıq bir tunelin içi ilə irəliləyirdi. Bu tunelin sonunda işıq görünmürdü, amma dərdli ürəklərin dərinliklərində bir ümid işığı həmişə şölələnir və sanki pıçıldayırdı: “O gün gələcək. Mütləq gələcək.”

Azərbaycan xalqı hər gün o günü yaxınlaşdırmaq arzusu ilə yaşayırdı. Azərbaycan əsgəri hər gün o günün başlanğıcını gözləyir və hər gün, hər saat həmin günə hazırlaşırdı. Azərbaycan Prezidenti hər gün ölkəni o günə hazırlayır, hərbi-sənaye kompleksi yaradır, ordunu gücləndirir, azadlıq mücadiləsi üçün hüquqi bazanı möhkəmləndirir, dövlətin iqtisadi qüdrətini artırır, qlobal arenada siyasi nüfuzunu yüksəldirdi. Azərbaycan təşəbbüskarı olduğu iri miqyaslı transmilli layihələri ilə günbəgün regionda tamamilə yeni mənzərə yaradır və Cənubi Qafqazın lider dövlətinə çevrilirdi. Azərbaycan öz üzərindən Qərbi Şərqə, Şimalı Cənuba qovuşdurmaq üçün regionun nəqliyyat xəritəsini yenidən cızır, Avropanın enerji xəritəsini öz gücü və öz iradəsi ilə dəyişdirirdi. Hər şey o gün üçün edilirdi.

O gün 2020-ci ilin 27 sentyabrında gəldi. Qoşunların təmas xəttində ermənilər tərəfindən törədilən növbəti təxribat ordumuzu son döyüşə qaldırdı. Ali Baş Komandanın “Hücum!” əmri ilə düşmən səngərinə atılan Azərbaycan əsgəri 32 ildən bəri gözlədiyi və hər an hazır olduğu azadlıq savaşına başladı.

Torpaqların azad olunması üçün illərlə hazırlanmış “Dəmir yumruq” əməliyyatına start verildi. Döyüşün elə ilk saatlarından cəbhə xəttindən xoş xəbərlər gəlməyə başladı. Azərbaycan əsgəri torpaqları sonadək azad etmək və tarixi ədaləti bərpa etmək əzmi ilə vuruşurdu. Qoşunların təmas xətti boyunca yerləşən kəndlərimiz bir-birinin ardınca azad olunmağa başladı. 44 gün ərzində Azərbaycan Ordusu durmadan irəlilədi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr və yüksəkliklər azad edildi.

Cəmi bir neçə ay öncə “yeni müharibə, yeni torpaqlar” şüarı ilə lovğalanan düşmən indi dünyanın ən böyük güc mərkəzlərindən Azərbaycan əsgərini durdurmağı xahiş edir və təslim olmaq üçün ona aman verilməsini istəyirdi. Şüşa şəhərinin işğaldan azad edilməsi ilə müharibəyə şərti olaraq son qoyuldu. Sonrakı bir neçə həftə ərzində işğal altında qalan digər bölgələrdən çıxmaq və Azərbaycan ərazisini tam şəkildə tərk etmək şərti ilə 9 noyabrda üçtərəfli Bəyanat imzalandı. 9 noyabr Bəyanatı Ermənistan dövlətinin kapitulyasiya aktı idi. 30 ildən çox Ermənistanın işğalçı siyasətinə açıq və gizli şəkildə dəstək vermiş havadarları Ermənistanı bu biabırçı təslimçilikdən xilas edə bilmədi. Azərbaycan Ordusu 44 gün ərzində düşmən ordusunu darmadağın edərək öz ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan xalqı son iki əsrlik tarixinin ən böyük zəfərini qazandı. Bu zəfər Azərbaycan xalqının ümummilli həmrəyliyi nəticəsində, “Dəmir Yumruq” ətrafında sıx birləşməsi və Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəlik şücaəti sayəsində qazanıldı. Prezident İlham Əliyevin adı Müzəffər sərkərdə kimi müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

İlham Əliyev özünün mahir siyasəti və yüksək səviyyəli diplomatik məharəti ilə təkcə Ermənistana qalib gəlmədi. O 30 ildən çox ölkəmiz ətrafında şər torunu sarıyan, “dənizdən dənizə dövlət” qurmaq xülyası ilə yaşayan erməniləri silahlandıran, təlimatlandıran və hətta öz əsgərləri ilə ermənilərə döyüş cəbhəsində dəstək verən neo-imperialist Rusiyaya qalib gəldi.

İlham Əliyev yalnız Ermınistanı məğlub etmədi. O öz siyasəti ilə üzdə Azərbaycana difirambalar söyləyib, arxada işğalçılara maddi, hərbi və mənəvi yardım göstərən qərəzli İran siyasətini məğlub etdi.

İlham Əliyev yalnız Ermənistanı diz çökdürmədi. O Zori Balayan, Silva Kaputikyan kimi ideoloqların şəxsində 80-ci illərin sonlarında “Miatsum” hərakatını başladan, Ermənistanı və Qarabağ ermənilərini kütləvi şəkildə zombiləşdirən, hər bir ermənidən türkə qənim kəsilməyi tələb edən erməni faşizminə qalib gəldi.

Prezident Əliyev sadəcə Ermənistanın keçmiş prezidenti, müharibə cinayətkarı Robert Koçaryana və onun ətrafında toplaşaraq 20 il ərzində Ermənistanı qarət edən, öz xalqına belə qan uddurmaqdan çəkinməyən serj sarkisyanlara, seyran ohanyanlara, samvel babayanlara, vitali balasanyanlara qalib gəlmədi. Bu cinayətkar xunta üzvlərinə Avropa qurumlarında gülə-gülə qucaq açan və qatı cinayətkar Robert Koçaryanı Avropa Şurasında ayaq üstə alqışlayan Avropa siyasətçilərinə qalib gəldi.

İlham Əliyev yalnız sərxoş vəziyyətdə “Qarabağ Ermınistandır və nöqtə” deyən Paşinyana qalib gəlmədi, onun gəlişinə qırmızı xalça açan, qucaqlayıb bağrına basan və hər cür dəstək verməyə hazır olduğunu bildirən Fransanın başabəla prezidenti Emmanuel Makrona qalib gəldi.

İlham Əliyev yalnız Paşinyana “Qarabağ Azərbaycandır” dedirtməklə kifayətlənmədi, işğala məruz qaldığımız halda üstəlik üzərimizə sanksiya qoymuş ABŞ Konqresinə və onun ermənipərəst rüşvətxor konqresmenlərinə qalib gəldi.

Prezident İlham Əliyev yalnız döyüş meydanında qalib gəlmədi. O hər vəchlə erməniləri başlarına endirilmiş “Dəmir Yumruq”dan xilas etməyə çalışan beynəlxalq media qarşısında da bir cəsur bir sərkərdə kimi dayandı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. 44 günlük savaş dövründə İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələrin hər biri Azərbaycanın informasiya cəbhəsindəki növbəti diplomatik uğuru oldu. Beynəlxalq media qurumları və çoxsaylı beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiq göstərmək və savaşı dayandırmaq cəhdlərinin qarşısı müvəffəqiyyətlə alındı. Prezident Əliyev Ali Baş Komandan kimi xarici mətbuat orqanlarına verdiyi müsahibələrlə münaqişə ilə bağlı qlobal ictimai fikirdə süni şəkildə yaradılmış anti-Azərbaycan təsəvvürlərini dağıtmağa, ölkəmizlə bağlı və eləcə də münaqişənin tarixi və mahiyyəti ilə bağlı formalaşmış yanlış fikirləri dəyişdirməyə müvəffəq oldu.

Bütün bunlar Zəfərimizi yoğuran və ərsəyə gətirən qətiyyət, cəsarət, dözüm və fədakarlıqlar idi. Bu zəfərin qazanılmasında bütün xalq iştirak etdi. Səngərdə canını və qanını əsirgəməyən əsgər, evdə balasının müzəffər olması və sağ-salamat qayıtması üçün dua edən analar, atasını qalib əsgər kimi qarşılmağa hazırlaşan balalar, şəhid övladını qürurla qarşılayıb şərəflə son mənzilə yola salan atalar. Hamı bu müharibənin iştirakçısı, hamı bu zəfərin memarıdır. Bu həmin o gündür – uzun illər həsrətlə gözlədiyimiz Zəfər günü. Zəfər bayramınız mübarək olsun!

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600