Dünya

Tehranı yeni hücum dalğası gözləyir? – Politoloqdan AÇIQLAMA

9 Noyabr 2026, 20:1313
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“ABŞ İrana qarşı hücumların mümkün bərpasına hazırdır”.

Bunu ABŞ Prezidenti Donald Tramp CNN telekanalının efirində bildirib.

Onun sözlərinə görə, ABŞ-nin üç təyyarədaşıyan gəmisi Yaxın Şərqdə döyüşə tam hazır vəziyyətdədir:
“Bundan əlavə, İrandakı hədəflər arasında 38 körpü var ki, ABŞ Silahlı Qüvvələri sözün əsl mənasında bir saat ərzində bu körpüləri dağıda bilər. Hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə, bu körpülər məhv ediləcək”.

Trampın dediklərinə görə o, İranın infrastrukturunu məhv etmək istəməzdi, çünki onun bərpasına 10 il lazım gələcək.

Mövzu ilə bağlı Zefer.media-ya açıqlama verən Milli Məclisin sabiq deputatı, politoloq Elşad Mirbəşiroğlu qeyd edib ki, ümumiyyətlə, Tramp hər zaman hərbi əməliyyatların bərpa olunması ehtimalını səsləndirir:

“Bu, yeni hal deyil. Amma İran tərəfinin də bəyanatlarını görürük, onun cavab verəcəyini əminliklə səsləndirdiyini də müşahidə edirik. Hesab edirəm ki, lokal xarakterli zərbələr endirilə bilər. Bildiyimiz kimi, ABŞ Qeşm adasına da zərbələr endirdi. Amma düşünürəm ki, İrana qarşı hərbi əməliyyatların ən sərt mərhələsi artıq geridə qalıb.

2025-ci il 12 günlük müharibə də, ondan sonrakı lokal toqquşmalar da aydın göstərdi ki, planlaşdırıldığı kimi sürətli müharibə mümkün olmur, sürətli qələbə mümkün deyil. Həmin dövrdə Tramp əminliklə qeyd edirdi ki, artıq İranın hərbi qüvvələri məhv edilib. Amma sonra görürdük ki, növbəti toqquşmalar zamanı İran cavab reaksiyası nümayiş etdirir.

Bu hərbi əməliyyatlara paralel olaraq dialoq da davam etdirilirdi. ABŞ-İran müzakirələrində diqqəti cəlb edən məqam ondan ibarət idi ki, tərəflər arasındakı dialoqla hərbi əməliyyatlar paralellik təşkil edirdi. Yəni dialoqların, müzakirələrin keçirildiyi dövrdə paralel olaraq lokal zərbələr endirilir, hərbi qarşıdurmalar baş verirdi.

ABŞ-də keçirilən seçkilərdə Trampın partiyası – Respublikaçılar Partiyası məğlubiyyətə uğradı və Tramp özü etiraf etdi ki, bu, İrana qarşı aparılan müharibə ilə əlaqədardır. Yəni Tramp bilir ki, İrana qarşı müharibə onun elektoral bazasını daraldır. Burada söhbət təkcə Trampdan getmir, eyni zamanda, Trampın partiyası olan respublikaçılardan gedir. Hesab edirəm ki, bu, respublikaçıların gələcək siyasi fəaliyyəti və siyasi karyerası üçün real problem yaradır. Biz bunu artıq aralıq seçkilər zamanı müşahidə edirik.

Düşünmürəm ki, Tramp yenidən genişmiqyaslı müharibəyə başlasın. Eyni zamanda, bildiyimiz kimi, Tramp bəyan etdi ki, münaqişənin olduğu regionda ölkələrin təhlükəsizliyini təmin edib və ABŞ-nin müharibəyə sərf etdiyi vəsaitləri həmin ölkələr ona geri qaytarmalıdırlar. Tramp artıq belə bir tələb də irəli sürməkdədir.

Görünür, Amerika seçicisinin bu sualı ABŞ-nin daxili siyasətində kifayət qədər ciddi səslənməkdədir: müharibəyə bu qədər vəsait xərclənib, təxminən 47-48 milyard dollar, amma hər hansı ciddi nəticə əldə olunmayıb. Yenə də ABŞ tərəfi etiraf edir ki, İranın nüvə proqramı yerində qalır və onun məhv edilməsi, dayandırılması haqqında düşünülür. Bunu özləri də etiraf edirlər. Deməli, müharibəyə sərf edilən vəsaitlər özünü doğrultmayıb.

Düşünürəm ki, məhz bu vəziyyəti nəzərə alaraq Tramp artıq region ölkələrindən vəsaitləri geri tələb etməkdədir və bu məsələdə israrlı olacaq. Bununla gələcək siyasi proseslər üçün elektoral bazasını bərpa etməyə çalışacaq. Bu, müəyyən dərəcədə nəticə verə bilər və vəsaitlərin geri alınması mümkündür.

Tərəflər onsuz da bir-birlərinə qarşı hərbi ritorikadan sistemli şəkildə istifadə edirlər. Fikrimcə, genişmiqyaslı hərbi əməliyyatlar baş verməyəcək. Çünki ABŞ NATO çərçivəsində dəstək almadı. Region ölkələri də, yəni ABŞ-nin ənənəvi müttəfiqləri olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər ABŞ-yə gözlədiyi formada dəstək olmadılar. Həmin ölkələrdəki ABŞ hərbi bazaları da İran tərəfinin ciddi zərbələrinə məruz qaldı”.

Politoloq əlavə edib ki, ABŞ-nin regionda üç hərbi gəmisi olsa belə, böyükmiqyaslı gəmilərinin orada olması yeni vəziyyət deyil.

“Bütün hallarda nəzərə alsaq ki, həmin regionda ABŞ-nin hərbi bazaları da ciddi zərər görübdür və onların qısa zamanda bərpa olunacağı inandırıcı görünmür, bu baxımdan düşünürəm ki, Tramp genişmiqyaslı, yəni tamhəcmli bir müharibəyə başlamaqdan çəkinəcəkdir.
Lokal hücumlar ola bilər, yəni Qeşm adasına edilən hücum xarakterli zərbələr təkrarlana bilər. Amma onların da ciddi nəticələrə gətirəcəyini düşünmürəm”.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600