Saatlıda hərbi xidmətə çağırışdan üzrsüz səbəbdən yayınan şəxs barəsində məhkəmə hökmü çıxarılıb.
Zefer.media xəbər verir ki, bu barədə Xitab24.az məlumat yayıb.
Məlumata görə, 2000-ci il təvəllüdlü Gəray Vəlizadə (şərti ad-soyad) hərbi xidmətə yararlı hesab edilsə də, bir neçə dəfə çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, xidmətə yollanmayıb.
Məhkəmədə o, səhhətindəki problemlər və psixoloji vəziyyəti səbəbindən hərbi xidmətə getmək istəmədiyini bildirib. Həmçinin xidmətə aparılacağı təqdirdə intihara cəhd edəcəyini söyləyib.
Məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, onda psixi xəstəlik əlamətləri aşkarlanmayıb və əməl törədərkən anlaqlı vəziyyətdə olub.
Saatlı Rayon Məhkəməsinin hökmü ilə G.Vəlizadə 6 ay müddətinə azadlıqdan məhrum edilib.




