Yay aylarında əyləncə məkanlarında atraksionlardan istifadə edən insanların sayı artır. Lakin texniki təhlükəsizlik tələblərinə cavab verməyən və lazımi sənədləri olmayan atraksionların fəaliyyəti ciddi təhlükə yarada bilər. Bu baxımdan atraksionların texniki vəziyyəti, təhlükəsizlik qaydalarına əməl olunması və onların istismarına nəzarət məsələləri xüsusi əhəmiyyət daşıyır.
Atraksionların təhlükəsizliyinin təmin olunması barədə Zefer.media – ya açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev sözügedən sahədə mövcud təhlükələrə və atraksionlardan istifadə zamanı diqqət edilməli əsas məqamlara nəzər salıb :

” Atraksionlar təhlükə potensiallı obyektlər siyahısına daxil olan avadanlıqlardır. Təhlükə potensiallı obyektlərin istismarı, istismara verilməsi və istismardan sonrakı mərhələlərində yerinə yetirilməsi zəruri olan təhlükəsizlik qaydaları mövcuddur.
Qaydasız üsulla hazırlanmış, heç bir pasportu, texniki müayinə aktı və istismara yararlılıq sənədi olmayan atraksionların istifadəsinə yol verilmir. Nəzərinizə çatdırım ki, ölkəmizdə hələ də texniki təhlükəsizlik ekspertizasından keçirilmədən qanunsuz fəaliyyət göstərən atraksionların mövcudluğu təhlükə yaratmaqdadır. Bu səbəbdən belə atraksionlar vaxtında aşkarlanmalı və onların fəaliyyəti məhdudlaşdırılmalıdır.
Fövqəladə Hallar Nazirliyi tərəfindən ildə bir dəfədən az olmayaraq atraksionlarda yoxlama həyata keçirilir. Bu yoxlamalar zamanı atraksionların mövcud təhlükəsizlik norma və qaydalarına uyğunluğu müəyyən edilməlidir. Yoxlama nəticəsində hər hansı təhlükə aşkarlandıqda, atraksionların fəaliyyəti dərhal dayandırılmalıdır.
İnsanlar atraksionlardan istifadə etməzdən əvvəl onlara qısa təlimatlar verilməlidir. Atraksionlarda təhlükəsizlik məsələlərinə cavabdeh şəxslər təyin olunmalı, iştirakçıların atraksionlardan təhlükəsiz istifadəsinə isə operatorlar nəzarət etməlidirlər.
Atraksion operatorları və onların təhlükəsiz istismarına cavabdeh şəxslər bu sahə üzrə müəyyən olunmuş qaydada mütləq təlim keçməli və müvafiq peşə-ixtisas biliklərinə yiyələnməlidirlər”.
Ekspert, həmçinin təhlükəsizliyin təmin edilməsi üçün atraksionlarda bir sıra zəruri tələblərin yerinə yetirilməli olduğunu bildirib:
“Atraksionların üzərində təhlükəsizlik nişanları yerləşdirilməli, təhlükə yarandığı zaman avadanlığın dərhal dayandırılmasını təmin edən «STOP» düymələrinin yeri hər kəs üçün aydın və əlçatan olmalıdır.
Atraksionun müvafiq pasport sənədləri və sonuncu dəfə keçirilmiş texniki təhlükəsizlik ekspertizasına dair sənədlər gözlə görünən yerdə yerləşdirilməli və ya asılmalıdır. Atraksionlardan istifadə edən insanlar həmin sənədlərlə tanış olmaq imkanına malik olmalıdırlar.
Bəzən atraksion operatorlarının təsadüfi şəxslər arasından seçilməsi bu avadanlıqlarda baş verə biləcək təhlükəli hadisələrin riskini artırır. Atraksion operatorları öz vəzifə öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, avadanlıqdan istifadə edən iştirakçıların həyatı təhlükə ilə üz-üzə qala bilər”.
Sonda Orxan Musayev atraksionların təhlükəsiz istismarına görə məsuliyyət daşıyan şəxslərin üzərinə düşən öhdəliklərə də diqqət çəkib. Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunmasında məsuliyyət birbaşa atraksion sahiblərinin üzərinə düşür.
Pərvin Hacıyeva

















