Fransanın Ekoloji Keçid Naziri Monik Barbut bu yayın uzun müddət davam edən anormal istilərin Fransa iqtisadiyyatına 10-15 milyard avroya başa gələ biləcəyini və bu, ölkənin ÜDM-nin təxminən 0,5%-nə bərabər olduğunu bildirib.
Zefer.media xəbər verir ki, bu haqda xarici media məlumat yayıb.
Onun sözlərinə görə, bu, hələlik “çox ehtiyatla” aparılmalı olan ilkin qiymətləndirmədir. Hesablamalar Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) əvvəlki illərdəki istiliyin təsirləri ilə bağlı məlumatlarına əsaslanır.
Fransanın bir çox bölgəsində temperatur mövsümi normaları əhəmiyyətli dərəcədə aşmağa davam edərsə, son ziyan daha böyük ola bilər.
İlkin hesablamalara görə, ən böyük iqtisadi itkilər meşə yanğınları və kənd təsərrüfatı istehsalının azalması ilə əlaqədardır. İyulun ortalarına olan məlumata görə, Fransanın təxminən 85%-i quraqlıq xəbərdarlığı altında idi.
Hökumət xəbərdarlıq edib ki, ölkələr iqlim dəyişikliyinin təsirini məhdudlaşdırmaq üçün tədbirlər görməsələr, həddindən artıq istilərin iqtisadi nəticələri daha da artacaq.
Müqayisə üçün, 2003-cü ilin avqust ayının rekord istilərində Fransada taxıl istehsalı 22%, şərab istehsalı isə 9% azalıb.
Avropa Mərkəzi Bankının 2025-ci ildə dərc etdiyi bir araşdırma da istilik dalğalarının və quraqlığın Avropa bölgələrində iqtisadi fəaliyyətə nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərdiyini göstərib.
Zərintac Mayisqızı

















