Avropa Parlamenti Antalyada keçiriləcək COP31 iqlim konfransı üzrə danışıqlarda mövqeyini müəyyənləşdirib.
Zefer.media AZƏRTAC-a istinadən xəbər verir ki, parlament qalıq yanacaqlardan imtinanın sürətləndirilməsini, iqlim maliyyələşdirilməsinin artırılmasını və iqlim dəyişikliyinə daha həssas ölkələrə dəstəyin gücləndirilməsini tələb edib.
Deputatlar 2025-ci ilin ən isti illərdən biri olduğunu, Avropanın isə dünyada ən sürətlə istiləşdiyini nəzərə alaraq Aİ-nin iqlim tədbirlərini gücləndirməli olduğunu bildiriblər. Üzv dövlətlər mövcud planlarını həyata keçirsələr, Aİ 2030-cu ilədək istixana qazı emissiyalarını 1990-cı illə müqayisədə 54 faiz azalda bilər. Bununla belə, “Eurostat”ın ilkin məlumatlarına görə, 2024-2025-ci illərdə emissiyalar 1 faiz artıb. Deputatlar üzv dövlətləri və Avropa Komissiyasını bu fərqi aradan qaldırmağa çağırıblar.
Qətnamədə COP30-da razılaşdırılmış qalıq yanacaqlardan keçid üzrə yol xəritəsinin həyata keçirilməsində irəliləyişə nail olmaq tələb olunur. Aİ-yə qalıq yanacaqların yayılmamasına dair beynəlxalq müqavilə üzrə danışıqlarda aparıcı rol oynamaq, subsidiyaların və hasilatın mərhələli dayandırılması üçün konkret müddətlər müəyyənləşdirmək tövsiyə edilib. Qalıq yanacaqlardan asılılığın yaratdığı geosiyasi risklər və emissiyaların azaldılmasının Aİ-nin strateji muxtariyyəti baxımından əhəmiyyəti də vurğulanıb.
Deputatlar iqlim tədbirləri üçün tələb olunan vəsaitlə mövcud maliyyələşdirmə arasında artan fərqin aradan qaldırılmasını istəyiblər. Dövlət vəsaitləri hesabına iqlim maliyyələşdirilməsinin əsas təminatçıları olan Aİ və üzv ölkələrin öz töhfələrini artırmalı, xüsusilə qrantlar və güzəştli maliyyə vasitəsilə dəstəyi genişləndirməli olduğu qeyd edilib.
Qətnamədə həssas ölkələrin borc yükünü ağırlaşdırmayan mexanizmlərin tətbiqi, qrantlara və borcun azaldılması tədbirlərinə üstünlük verilməsi də tələb olunur. İqlim dəyişikliyinin təsirlərinə yüksək dərəcədə həssas şəraitdə 3,6 milyardadək insanın yaşadığı nəzərə alınaraq, İtki və Zərərlə Mübarizə Fonduna proqnozlaşdırıla bilən və əlçatan maliyyənin artırılması çağırışı edilib.
















