İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasında çıxışı zamanı İranın son müharibədən sonrakı mövqeyi və diplomatiyaya yanaşması barədə fikirlərini bölüşüb.
Zefer.media-nın əldə etdiyi məlumata görə, Qalibaf bildirib ki, İslamabad anlayışı və burada ortaya qoyulan mövqe İran xalqının müqavimətinin, dözümlülüyünün və regional nüfuzunun nəticəsi olub. Onun sözlərinə görə, bu hadisə son nəticədə ABŞ-nin uğursuzluğunun göstəricisinə çevrilib.
İran parlamentinin sədri vurğulayıb ki, son müharibənin yaratdığı itkilərə baxmayaraq, Tehran əsas prinsiplərinə sadiq qalır. O qeyd edib ki, İran güc tətbiqindən daha çox məntiqə, təslimçilikdən isə daha çox müqavimətə üstünlük verməkdə israrlıdır.
Qalibaf çıxışında diplomatiyanın əhəmiyyətinə də toxunaraq bildirib ki, beynəlxalq münasibətlərdə davamlı nəticələr yalnız qarşılıqlı hörmət, bərabərlik və dövlətlərin suverenliyinin tanınması əsasında əldə edilə bilər.
Zərintac Mayisqızı















