Fransa supermarketlərdəki soyuducu və dondurucuların temperaturunun yüksəlməsinə səbəb olan kiberhücumların arxasında İranın dayandığını iddia edib.
Zefer.media BBC-yə istinadən xəbər verir ki, Fransanın Xarici İşlər naziri Jan-Noel Barro mətbuat konfransında hücumun İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən həyata keçirildiyini bildirib.
O, hücumu həm miqyasına, həm də aqressivlik səviyyəsinə görə “misli görünməmiş” adlandırıb və Fransanın “bu hücuma görə məsuliyyət daşıyan hər kəsə qarşı Avropa səviyyəsində sanksiyalar tətbiq edəcəyini” qeyd edib.
Ötən ay baş verən kiberhücum nəticəsində Fransanın yüzlərlə supermarketində soyuducu və dondurucuların temperaturu yüksəlib. Bu isə milyonlarla avro dəyərində təzə və dondurulmuş ərzaq məhsullarının xarab olmasına səbəb olub.
Ötən həftə isə daha yeddi Avropa ölkəsində onlarla supermarketin soyuducu və dondurucuları oxşar kiberhücuma məruz qalıb. Hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı məlum deyil.
İran hələlik Barro tərəfindən səsləndirilən ittihamlara münasibət bildirməyib.
Bununla yanaşı, bazar ertəsi Paris prokuroru İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli hücum xarakterli kiber bölmənin rəhbəri və onun iki müavini barəsində istintaq başladıldığını açıqlayıb.
Laure Bekkou bölmənin adının “Şəhid Kavə” olduğunu bildirib. Onun sözlərinə görə, bu bölmə SEPAH-ın elektronika və kibermərkəzi ilə əlaqəlidir.
Lalə Qurbanlı




