ABŞ Prezidenti Donald Tramp Respublikaçıların böyük itkilərlə üzləşdiyi aralıq seçkilərin nəticələrinin legitimliyini şübhə altına alıb. Halbuki o, seçkilərdən bir neçə gün əvvəl nəticələri qəbul edəcəyini bildirib.
Zefer.media BBC-yə istinadən xəbər verir ki, Tramp bazar ertəsi “Truth Social” sosial şəbəkəsində yazıb: “Doğrudanmı kimsə bu “seçkilərin” ədalətli keçirildiyinə inanır? Sorğular necə bu qədər yanlış ola bilərdi?”
Bu açıqlama onun seçki gecəsi “The New York Times” qəzetinə verdiyi müsahibədə nəticələri “qəti şəkildə qəbul etməyə hazır olduğunu” bildirməsi ilə ziddiyyət təşkil edib.
Ötən həftə keçirilən seçkilərdə Demokratlar Konqresin hər iki palatasında yenidən çoxluğu əldə ediblər. ABŞ-nin müxtəlif ştat və yerli seçki rəsmiləri səsvermə prosesinin, əsasən, ciddi problemlər olmadan keçdiyini bildiriblər.
Bununla belə, Alyaska və Missisipi ştatlarında Senat uğrunda keçirilən yarışlar da daxil olmaqla, bəzi mühüm seçkilərin nəticələri hələ açıqlanmayıb.
Tramp “Truth Social” paylaşımında seçki sorğuları, səsvermə zamanı səslərin toplu şəkildə daxil edilməsi və səsvermə aparatları ilə bağlı qeyri-müəyyən iddialar irəli sürüb. Lakin hər hansı səhv və ya qanun pozuntusuna dair konkret sübut təqdim etməyib.
Tramp daha əvvəl də məğlub olduğu seçkilərin dürüstlüyünə şübhə yaratmağa çalışıb. Bununla belə, builki aralıq seçkilərdə onun özü namizəd olmayıb.
Partiyasının həm Senatda, həm də Nümayəndələr Palatasında məğlubiyyəti təsdiqləndikdən sonra Tramp BBC-nin ABŞ-dəki tərəfdaşı CBS News-a açıqlamasında belə deyib: “Əgər mən seçki bülletenində olsaydım, asanlıqla qalib gələrdik”.
Hazırkı nəticələrə əsasən, Demokratlar ABŞ Senatında 54, Nümayəndələr Palatasında isə 254 yer qazanıblar. Beləliklə, bəzi seçki dairələrində səslərin hesablanması davam etsə də, hər iki palatada rahat çoxluq əldə ediblər.
Lalə Qurbanlı




