NATO-nun Baş katibi Mark Rutte iyul ayında Ankarada keçiriləcək Alyans ölkələri liderlərinin sammitindən əvvəl İran müharibəsi və ABŞ-nin Avropadan qoşunları çıxarmaq təhdidləri ilə bağlı gərginliyi azaltmaq üçün çərşənbə günü Ağ Evdə Prezident Donald Trampla görüşməlidir.
Zefer.media xəbər verir ki, uzun müddətdir NATO-nu tənqid edən və Alyansı “kağız pələng” adlandıran Donald Tramp müttəfiqlərin Yaxın Şərq münaqişəsində ABŞ-ni dəstəkləməkdən və ya fevralın 28-də İrana hücumdan sonra Hörmüz boğazının yenidən açılmasına kömək etməkdən çəkinməsindən qəzəblənib. Bu hücum əsas neftdaşıma marşrutunu da pozub.
“Reuters” xəbər verir ki, ötən həftə müdafiə naziri Pit Heqset NATO iclasında müttəfiqləri guya onların imkanlarından istifadə etdiklərinə görə tənqid edib və ABŞ qoşunlarının Avropada yerləşdirilməsinin altıaylıq müddətdə nəzərdən keçiriləcəyini elan edib ki, bu da Amerika qüvvələrinin bir qədər azaldılmasına səbəb ola bilər.
Çərşənbə axşamı “Fox News” telekanalına müsahibə verən Rutte NATO-nun bəzi üzvlərinin müharibə ilə əlaqəli məqsədlər üçün ABŞ bazalarını və həmin ölkələrin üzərindən uçuş hüquqlarını rədd etdiyi hadisələri “təcrid olunmuş hallar” adlandırıb. O, yüzlərlə Amerika təyyarəsinin Vaşinqtonun müharibə səylərini dəstəkləmək üçün Avropadakı ABŞ bazalarından havaya qalxdığını iddia edib və bu barədə çərşənbə günü Donald Trampa məlumat verəcəyini bildirib.
“Həmçinin ümumi vəziyyətə, onun NATO üçün nələr etdiyinə baxacağıq”, -deyən Rutte üzv ölkələrin müdafiə xərclərini artırdığını və bu böyük rəqəmləri çərşənbə günü açıqlayacağını əlavə edib.
NATO-nun sözçüsü Ellison Hart bildirib ki, Ruttenin səfəri 7-8 iyul tarixlərində Ankarada keçiriləcək sammitə son hazırlıqların bir hissəsidir.
Keçən il Haaqada keçirilən sammitdə NATO liderləri ABŞ Prezidentinin tələb etdiyi müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını dəstəkləyərək, on il ərzində ÜDM-in 5 faizini müdafiəyə və əlaqəli tədbirlərə xərcləməyi öhdələrinə götürüblər. Lakin bəzi Avropa ölkələri müdafiə xərclərini kəskin şəkildə artırsa da, digərləri sözügedən məsələdə geridə qalıb.
Zərintac Mayisqızı

















