Azərbaycanda gömrük qurumlarının vəzifəli şəxslərinin digər vəzifələrə təyin edilməsi ilə əlaqədar hazırkı qaydalara dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Zefer.media xəbər verir ki, bu məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə düzəlişlər edilməsinə dair qanun layihəsi müzakirə olunub.
Sənədə uyğun olaraq, gömrük orqanlarının vəzifəli şəxslərinin başqa işə keçirilməsinə yalnız onların öz razılığı əsasında icazə verilir.
Bundan əlavə, gömrük qurumlarının vəzifəli şəxsləri yuxarı vəzifəyə irəli çəkildikdə, ailə şəraitinə, tibb komissiyasının rəyinə əsasən sağlamlıq vəziyyətinə, yaş həddinə görə, rotasiya prinsipi ilə, Azərbaycanda gömrük işini həyata keçirən icra hakimiyyəti orqanının göndərişi əsasında əyani təhsil müəssisələrinin əyani təhsil formasına qəbul edilmələri ilə əlaqədar vəzifədən azad olunduqdan sonra təhsillərini başa çatdırdıqda, ştatların ixtisar olunması nəticəsində bərabər vəzifəyə keçirilmələri mümkün olmadıqda, attestasiya nəticələrinə görə tutduqları vəzifəyə uyğun gəlmədikləri aşkar edildikdə və intizam cəzası qaydasında başqa işə keçirilirlər.
Qanun layihəsinə müvafiq olaraq, gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiyasının aparılması qaydası Azərbaycanda gömrük işini icra edən icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.

















