• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.5° Weather Columbus
$
1.7
€
1.9394
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Doğru sözün 151 ili: "Əkinçi" məktəbindən bugünkü mediaya uzanan yol

22 İyul, 26 / 11:28
A A

Azərbaycanda 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Bu gün sadəcə təqvimdə bir tarix deyil, azərbaycanlı oxucunun öz ana dilində mətbu sözlə ilk tanışlığından başlayaraq bu günə qədər uzanan yolun xatırlanması üçün bir fürsətdir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə milli mətbuatın əsası qoyuldu və söz ilk dəfə bu qədər açıq şəkildə xalqın gündəlik həyatına daxil oldu.

O vaxt cəmi bir qəzet nömrəsi bir şəhərin söhbət mövzusuna çevrilirdisə, bu gün eyni anda onlarla xəbər saytı yenilənir, sosial şəbəkələrdə yüzlərlə informasiya yayılır. Kağızdan başlayan bu yol indi ekran işığına qədər gəlib çıxıb, amma mətbuatın əsas missiyası – cəmiyyətə düzgün məlumat vermək, maarifləndirmək, sual verməyə vadar etmək – dəyişməyib. Zamanla yalnız bu missiyanı həyata keçirməyin forması, alətləri və peşə standartları dəyişib.

Azərbaycan mətbuatı “Əkinçi”dən sonra müxtəlif mərhələlərdən keçib. XIX əsrin sonu və XX əsrin əvvəllərində “Ziya”, “Kəşkül”, “Kaspi”, “Şərqi-rus”, “Molla Nəsrəddin”, “Həyat”, “Açıq söz”, “Azərbaycan” kimi qəzet və jurnallar milli oyanışın, maarifçiliyin, ictimai düşüncənin əsas tribunalarından biri oldu. XX əsrin siyasi dəyişiklikləri isə mətbuata həm azadlıq, həm də məhdudiyyətlər gətirdi: Xalq Cümhuriyyəti dövründə istiqlal ideyalarının, sovet illərində isə ideoloji nəzarət altında olsa da, maarifçilik və mədəniyyət mövzularının önə çıxdığı bir mətbuat mühiti formalaşdı.

Dövlət müstəqilliyinin bərpasından sonra söz və mətbuat azadlığının qanunvericilikdə təsbit edilməsi, senzuranın ləğvi, yeni KİV-lərin yaranması media mühitini köklü şəkildə dəyişdirdi. İnternet medianın, xəbər saytlarının və sosial şəbəkələrin sürətlə yayılması klassik qəzet səhifələrini rəqəmsal platformalarla əvəz etdi. İnformasiya daha əlçatan oldu, amma bununla yanaşı, dəqiqlik, obyektivlik, məsuliyyət və peşə etikası kimi məsələlər də daha çox müzakirə olunmağa başladı.

Azərbaycan milli mətbuatının tarixi və bu günkü medianın reallıqları barədə Zefer.media‑ya açıqlama verən Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı, milli mətbuatın keçdiyi yolun həm maarifçilik missiyası, həm də müxtəlif siyasi və ictimai sınaqlarla formalaşdığını vurğulayıb :

“Azərbaycan mediası hər zaman xalqımızın zəfəri, inkişafı, tərəqqisi və maariflənməsi naminə fəaliyyət göstərib. O, Azərbaycan xalqının inkişaf etmiş xalqlar arasında öz layiqli yerini daha da möhkəmləndirməsi üçün mühüm rol oynayıb.

Bu 151 il ərzində milli mətbuatımız uzun və şərəfli inkişaf yolu keçib. Bu yolun həm uğurlu, həm də çətin mərhələləri olub. İnkişaf dövrləri ilə yanaşı, tənəzzül mərhələləri də yaşanıb”.

Milli mətbuat tarixinin dalğavari inkişafı – yüksəliş və geriləmə mərhələlərinin bir-birini əvəz etməsi – müxtəlif dövrlərin siyasi sistemi və ictimai mühiti ilə sıx bağlı olub. Bəzi mərhələlərdə mətbuatın cəmiyyətə təsir imkanları genişlənib, bəzən isə senzura, maliyyə problemləri və texnoloji gerilik bu təsiri xeyli zəiflədib. Buna baxmayaraq, mətbuat institut kimi hər zaman ictimai fikir üçün əsas platformalardan biri kimi qalmağa çalışıb.

Müsahib həmçinin milli mətbuat ənənəsinin başlanğıc nöqtəsi kimi Həsən bəy Zərdabinin adını xüsusi diqqətə çatdırıb:

“Həsən bəy Zərdabi 151 il əvvəl Azərbaycan milli mətbuatının, jurnalistikasının və ümumilikdə ölkəmizdə jurnalistika sisteminin əsasını qoydu. Onun yaratdığı “Əkinçi” qəzeti yalnız Azərbaycanın bölgələrinə və Qafqaza deyil, eyni zamanda Rusiya müsəlmanları və Rusiya türkləri üçün də mühüm tarixi əhəmiyyət daşıdı. Bu təsir Türküstanda da hiss olundu. Buna görə də Həsən bəy Zərdabinin fəaliyyətini yalnız Azərbaycan miqyasında qiymətləndirmək onun xidmətlərinin əhatə dairəsini kiçiltmək olardı”.

Araşdırmalar da göstərir ki, “Əkinçi”nin təsiri yalnız tirajla ölçülmürdü ; qəzet müxtəlif bölgələrdən göndərilən məktublar, yanaşı dərc olunan fikirlər və müzakirə olunan mövzularla o dövr üçün nadir sayılan bir ictimai debat mühiti formalaşdırırdı.Bu debatlar vasitəsilə həm yerli problemlər işıqlandırılır, həm də ümumi türk-müsəlman məkanında ortaq dərdlər və ideyalar müzakirəyə çıxarılırdı ki, bu da Zərdabinin fəaliyyətini regional ölçüdə daha da əhəmiyyətli edirdi.

Akif Aşırlı Zərdabinin jurnalist kimi missiyasını belə xarakterizə edib:

“Həsən bəy Zərdabinin əsas missiyası Azərbaycanda Qərb jurnalistika sisteminin təməl prinsiplərini tətbiq etmək idi. O, həqiqəti açıq şəkildə ifadə etməyi, söz azadlığını, xalqın maariflənməsini və cəmiyyətin inkişafını əsas məqsəd hesab edirdi. Eyni zamanda müqəddəs İslam dinindən xurafat və cəhalət naminə sui-istifadə edən qüvvələrə qarşı mübarizə aparmaq da “Əkinçi” qəzetinin əsas prinsiplərindən biri idi.

“Əkinçi” hər zaman alternativ fikirlərə yer verirdi. Qəzetin adı da təsadüfi seçilməmişdi. Burada əkinçi bol məhsul verən torpağın becərilməsi rəmzi kimi təqdim olunur, Azərbaycan və bütövlükdə türk dünyasının maariflənməsi, azad sözün, müstəqil düşüncənin və sağlam ideyaların inkişafı üçün mənəvi zəmin yaradılması məqsədi daşıyırdı. Ona görə də “Əkinçi” Rusiya türklərinin yaşadığı ərazilərdə xalqın taleyinin maarifçi “əkinçisi” rolunu oynadı, azad sözü, azad fikri və müstəqil düşüncəni ön plana çəkərək savadlı və təhsilli cəmiyyətin formalaşmasına xidmət etdi”.

Həmin fikirlərə nəzər salanda aydın olur ki, “Əkinçi”nin ən mühüm xüsusiyyətlərindən biri də dil və üslub seçimi idi. Qəzet ağır, anlaşılmaz rəsmi dil əvəzinə, xalq danışıq dilinə yaxın, sadə və aydın üslubdan istifadə etməklə həm şəhər, həm də kənd mühitində oxucunu cəlb etməyə çalışırdı. Bununla yanaşı, qadın təhsili, uşaqların savadlanması, kənd təsərrüfatında elmi yeniliklər kimi mövzuların mətbuat səhifəsinə çıxarılması cəmiyyətin gündəlik həyatına birbaşa toxunan məsələlərin ictimai müzakirəsinə şərait yaradırdı.

Əməkdar jurnalist Zərdabinin şəxsiyyəti və həyat tərzi barədə də öz fikirlərini bildirib :

“Həsən bəy Zərdabini Azərbaycanın ən böyük şəxsiyyətlərindən biri hesab etmək olar. O, bütün həyatı boyu Azərbaycanın milli dəyərlərinə sadiq qaldı və bunu şəxsi həyatı ilə də sübut etdi. Hənifə xanımla birlikdə pansionatlar açaraq Azərbaycan gənclərinin təhsil almasına şərait yaratdı. Həmin gənclərin bir çoxu sonradan həkim, mühəndis, jurnalist oldu, kənd təsərrüfatı və hüquq sahələrində çalışaraq Azərbaycanın inkişafına böyük töhfələr verdi.

Həsən bəy Zərdabinin fəaliyyətini yalnız jurnalistika ilə məhdudlaşdırmaq düzgün olmazdı. O, Azərbaycanın müxtəlif sahələr üzrə inkişafına çalışan böyük maarifçi və ictimai xadim idi. “Əkinçi” qəzetinin əsas missiyası da məhz bu ideyalara xidmət edirdi. Sonrakı dövrlərdə fəaliyyət göstərən qəzetlər də “Əkinçi”nin müəyyən etdiyi inkişaf yolunu və strateji xətti davam etdirdilər”.

Bu yanaşmanı izləyəndə aydın olur ki, Azərbaycan milli mətbuatının başlanğıcı təkcə bir qəzetin yaranması ilə yox, həm də cəmiyyətin müxtəlif sahələrində – təhsildə, mədəniyyətdə, ictimai münasibətlərdə – paralel gedən maarifçilik prosesləri ilə bağlıdır. Zərdabinin həm publisist, həm müəllim, həm də ictimai xadim kimi fəaliyyəti mətbuatı gündəlik həyatdan ayrı bir sahə yox, əksinə, cəmiyyətin içindən çıxan və ona geri təsir edən platforma kimi təqdim edir. Məhz buna görə də sonrakı illərdə yaranan bir çox qəzet və jurnal özünü “Əkinçi” məktəbinin davamçısı kimi görüb və milli mətbuat tarixində bu xətdən kənara çıxmadan inkişaf etməyə çalışıb.

Müsahibimiz milli mətbuat tarixində siyasi rejimlərin dəyişdiyi həssas dönəmlərə də nəzər salıb:

“Təəssüf ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süquta uğradı və sonrakı 70 il ərzində Azərbaycanda birpartiyalı sovet mətbuatı formalaşdı. Bununla belə, həmin dövr mətbuatının da müsbət qiymətləndirilə biləcək xüsusiyyətləri var idi. Onlardan biri Azərbaycan dilinin saflaşdırılması istiqamətində görülən işlər idi. Jurnalistlər milli-mənəvi dəyərlərin qorunması naminə böyük fədakarlıq göstərir, müstəqillik ideyalarını həm öz daxillərində yaşadır, həm də Ezop dilindən istifadə etməklə yazılarında ifadə edirdilər”.

Bu dövrə tarixən nəzər salanda, sovet ideoloji sisteminə uyğunlaşdırılmış mətbuat modelinin formalaşdığını görürük. Redaksiyaların gündəliyində partiya qərarları, plan göstəriciləri və rəsmi ritorika üstünlük təşkil etsə də, bir çox jurnalist məhz dilin saflaşdırılması, ədəbi mühitin canlı saxlanması, maarifçilik və mədəniyyət mövzuları vasitəsilə milli kimliyi qorumağa çalışırdı. Ezop dili – yəni dolaylı, metaforik ifadələrlə yazmaq – bu illərdə siyasi riskləri azaltmaqla yanaşı, oxucu üçün “ikinci mətn qatını” da açırdı: yazının üzərində rəsmi məna, altında isə milli və azadlıq yönlü mesajlar oxunurdu.

Akif Aşırlı mətbuatın müstəqillikdən sonrakı mərhələsinə keçidi belə xatırladıb:

“Daha sonra 1990-cı illərdə gizli nəşrlər meydana çıxdı, Azərbaycan dövlət müstəqilliyini bərpa etdi və milli jurnalistikamızın yeni inkişaf mərhələsi başlandı. Bu mərhələdə də “Əkinçi”nin irsi və Həsən bəy Zərdabinin ideyaları daim ön planda saxlanıldı.

Bu gün isə rəqəmsal jurnalistikaya keçid prosesi yaşanır. Hesab edirəm ki, ölkəmizdə çox perspektivli gənc jurnalistlər yetişir. İnanıram ki, onlar milli mətbuat dəyərlərimizə sadiq qalaraq yeni inkişaf strategiyalarını müəyyənləşdirəcək, Həsən bəy Zərdabinin qoyduğu yola və milli mətbuatımızın zəngin ənənələrinə sədaqətlə xidmət edəcəklər”.

Sonda əməkdar jurnalist peşə bayramı ərəfəsində həmkarlarına ürək sözlərini də çatdırıb:

“Azərbaycan mətbuatının yaranmasının 151 illiyi münasibətilə bütün Azərbaycan jurnalistlərini ürəkdən təbrik edirəm və onların peşəkar fəaliyyətinə yeni uğurlar arzulayıram”.

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Milli Mətbuat tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova Zefer.media‑ya açıqlamasında “Əkinçi”nin yaranmasından başlayaraq müasir Azərbaycan jurnalistikasının nəzəri əsasları və bu gün medianın üzləşdiyi çağırışlar barədə danışıb:

“Əkinçi” qəzetinin nəşrinə qədər Azərbaycanda informasiya mübadiləsi müasir jurnalistika vasitə və üsulları ilə olmasa da, müəyyən formada həyata keçirilirdi. Söhbət XIX əsrin ikinci yarısından gedir. “Əkinçi” isə Azərbaycanda dövri mətbuatın ilk nümunəsi kimi meydana çıxdı. Onun nəşri milli şüurun formalaşmasına, ictimai mühitdə sosial maraqlar uğrunda mübarizənin əsasının qoyulmasına mühüm töhfə verdi. Bu, olduqca ciddi məsələdir. “Əkinçi” xalq həyatı üçün əhəmiyyət daşıyan həqiqətlərin dəyərini artırmaqla cəmiyyətin inkişafında mühüm rol oynadı.

“Əkinçi” təsadüfi şəkildə meydana gəlməmişdi. Qəzet ilk nömrələrindən etibarən elə məsələləri ön plana çıxardı ki, həmin məsələlər bu gün də aktuallığını qoruyur. Məsələn, “Əkinçi” jurnalistika yaranana qədər üstünlük təşkil edən lirik-psixoloji düşüncə tərzindən fərqli olaraq, milli maraqlara xidmət edən həqiqətləri və obyektiv gerçəklikləri ön plana çəkməyi qarşısına məqsəd qoymuşdu. Bu prinsip bu gün də jurnalistikanın əsas meyarlarından biri hesab olunur.

“Əkinçi” eyni zamanda Azərbaycanda peşəkar jurnalistikanın praktik əsasını qoydu. O, milli mətbuatın banisi olmaqla yanaşı, Həsən bəy Zərdabinin jurnalistikaya dair elmi-nəzəri fikirlərinin formalaşmasında da mühüm rol oynadı. Bu baxımdan “Əkinçi”ni jurnalistikaya dair elmi-nəzəri fikrin və milli jurnalistika təcrübəsinin tarixi abidəsi kimi qiymətləndirmək lazımdır.

Bu gün “Əkinçi” məhz bu şəkildə dəyərləndirilir. O, yalnız milli mətbuatın əsasını qoymadı, həm də jurnalistika ənənəsini formalaşdırdı. Həmin ənənə bu gün də davam etdirilir. Mətbuata münasibət, qəzetçilik fəaliyyətinə dair ictimai fikir və peşə prinsipləri məhz “Əkinçi” ilə formalaşmağa başladı.

“Əkinçi”də formalaşan jurnalistika məktəbi bu gün də öz yaradıcılıq meyarları ilə aktuallığını qoruyur. O dövrdə olduğu kimi, müasir jurnalistika da obyektivlik, tərəfsizlik və qərəzsizlik prinsiplərinə əsaslanır. “Əkinçi” məhz bu prinsipləri əsas götürmüş, müasir jurnalistika isə bu gün də həmin prinsiplərə söykənərək fəaliyyətini davam etdirir. Əsas məsələlərdən biri də məhz budur”.

Bu fikirlərə paralel aparılan araşdırmalar göstərir ki, XX və XXI əsrdə baş verən siyasi dəyişikliklər, texnoloji yeniliklər, media formalarının çoxalması jurnalistikanın texniki tərəflərini dəyişsə də, əsas peşə dəyərlərini tamamilə yenidən qurmayıb. Obyektivlik, tərəfsizlik, qərəzsizlik kimi prinsiplər jurnalistika haqqında beynəlxalq müzakirələrdə də mərkəzi yer tutur və bu baxımdan “Əkinçi” məktəbi yerli təcrübəni qlobal meyarlarla birləşdirən tarixi başlanğıc nöqtəsi kimi görünür.

Müsahibimiz, söhbətin davamında Zərdabinin islahatçı mövqeyini və mətbuatdan istifadə formasını belə xatırladıb:

” Həsən bəy Zərdabi mövcud gerçəklikdə, elmdə, dildə və ictimai fikirdə dəyişikliklərə nail olmağı qarşısına məqsəd qoymuşdu. O, islahatların aparılmasını istəyir və bu istəyini hər zaman açıq şəkildə ifadə edirdi. Eyni zamanda, öz müasirlərini də əməli fəaliyyətə çağırırdı. “Əkinçi” qəzetinin nəşri dayandırıldıqdan sonra Zərdabi digər mətbuat orqanlarında, o cümlədən “Kaspi” və “Həyat” qəzetlərində fəaliyyətini davam etdirmiş, cəmiyyətə xidmət missiyasını davam etdirmişdir”.

Bu yanaşma Zərdabini yalnız bir qəzetin qurucusu kimi deyil, davamlı ictimai fəaliyyət xətti olan şəxsiyyət kimi təqdim edir. Qəzet bağlandıqdan sonra da mətbuatdan imtina etməməsi, başqa nəşrlərdə yazmağa və cəmiyyətə təsir etməyə davam etməsi mətbuatın onun üçün epizod yox, uzunmüddətli missiya olduğunu göstərir. Bu da jurnalistin peşəni təkcə iş yeri kimi deyil, ictimai məsuliyyət sahəsi kimi görməsinin klassik nümunəsidir.

O, Zərdabinin qəzetin vəzifəsi barədə məşhur fikirlərini xatırladaraq jurnalistika mahiyyəti ilə bağlı bu sitatları önə çəkib:

” Zərdabi qəzetin, ümumilikdə isə mətbuat və jurnalistikanın vəzifəsini aydın şəkildə müəyyənləşdirərək deyirdi: “Qəzet dərviş kimi nağıl deyə bilməz. Onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin ki, xalq öz halından xəbərdar olsun, çatışmazlıqlarını görsün və onların aradan qaldırılması yollarını axtarsın.” Bu fikirlə o vurğulayırdı ki, qəzet yalnız yaxşı hadisələri deyil, həqiqətləri də olduğu kimi işıqlandırmalıdır.

Zərdabi həmçinin qeyd edirdi: “Doğru söz acı olar, amma sözün doğrusunu deyin, acı da olsa.” Bu fikir Zərdabidən bizə miras qalan ən mühüm jurnalistika prinsiplərindən biridir. Bu gün də jurnalistika həqiqətə və doğru sözə söykənir. Həqiqət acı olsa belə, onu cəmiyyətə çatdırmaq jurnalistin əsas vəzifəsidir. Bu, Zərdabidən və “Əkinçi”dən gələn mühüm jurnalistika ənənəsidir”.

Həmin sitatlar jurnalistikanın rahatlıq deyil, məsuliyyət peşəsi olduğunu xatırladır. Xüsusilə müasir dövrdə sosial şəbəkələrdə “pozitiv kontent”, “əyləncəli material” tələbi güclənsə də, cəmiyyət üçün ağrılı mövzular – sosial ədalətsizlik, korrupsiya, müharibə, insan hüquqları – barədə susmamaq jurnalistin əsas yükü olaraq qalır. “Doğru söz acı olar…” prinsipini bu gün gənc jurnalistlər üçün öz peşə etik kodekslərinin mərkəzinə yerləşdirmək təhrif olunmuş, manipulyativ informasiya ilə sağlam xəbər arasındakı sərhədləri daha aydın çəkə bilər.

Aygün xanım “Əkinçi”də xəbərçilik və operativlik məsələlərini də xatırladaraq deyib:

” Zərdabi göstərirdi ki, “Əkinçi” qəzetini nəşr edərkən qəzetçiliyin zəhmətini və məsuliyyətini düzgün qiymətləndirirdi. O bildirirdi ki, söz ilk növbədə onu anlayan insanlara ünvanlanmalıdır. Həmin dövrdə belə insanların sayı az olsa da, Zərdabi öz mövqeyindən geri çəkilmir, həqiqətin və doğru sözün cəmiyyətə çatdırılmasını əsas məqsəd hesab edirdi.

Həmçinin, Zərdabi qəzeti müsəlman aləmi üçün olduqca mühüm vasitə hesab edirdi. O, “Əkinçi” qəzetində jurnalistikanın nəzəri əsaslarına, xüsusilə də xəbərçilik məsələlərinə geniş yer ayırmışdı. Zərdabi xəbərçiliyi jurnalist fəaliyyətinin mahiyyəti kimi izah edir, qəzetin necə hazırlanmalı olduğunu, hazırlanma texnologiyasını, eləcə də informasiya mənbələrinin düzgün seçilməsi və qiymətləndirilməsi prinsiplərini ətraflı şəkildə şərh edirdi”.

Sözügedən vurğular xəbərçiliyin yalnız “ilk məlumatı vermək” yarışından ibarət olmadığını göstərir. Məlumatın kimə ünvanlandığı, mənbələrin seçilməsi, hazırlanma texnologiyası, oxucunun anlayış səviyyəsi jurnalistikanın texniki detalları kimi görünsə də, əslində xəbər etibarlılığını müəyyən edən əsas elementlərdir. Bugünkü rəqəmsal mediada da mənbə seçimi, faktların yoxlanması, oxucuya informasiya yükünün düzgün paylanması jurnalistin peşəkar süzgəcinin önəmli hissəsi olaraq qalır.

Müsahibimiz “Əkinçi”nin nəzəri irsinin bu günə qədər gələn təsirindən də bəhs edib:

” “Əkinçi” qəzetinin daxili materiallarını oxuyan hər kəs Zərdabinin jurnalistikaya dair elmi-nəzəri baxışlarını aydın şəkildə görə bilər. Bu nəzəri fikirlər bu gün də Azərbaycan jurnalistikasının əsas prinsiplərindən biri kimi öz aktuallığını qoruyur.

Zərdabi köhnə, aktuallığını itirmiş və təkrar xarakterli xəbərlərin qəzet səhifələrində dərc edilməsinə etiraz edir, daim yeni və operativ xəbərlərin əhəmiyyətini vurğulayırdı. Onun fikrincə, qəzetlərdə məhz yeni xəbərlər oxucunun marağını cəlb etməlidir.

Bütün bunlar Zərdabinin jurnalistikaya dair nəzəri baxışlarını və “Əkinçi”dən bu günümüzə qədər gəlib çatan jurnalistika dərslərini əks etdirir. Demək olar ki, müasir Azərbaycan jurnalistikasının nəzəri əsasları böyük ölçüdə Həsən bəy Zərdabinin irəli sürdüyü prinsiplərə söykənir”.

Aygün Əzimova habelə Azərbaycan mətbuatının klassik ziyalılarının irsinə nəzər salıb və ifadə edib ki, klassik mütəfəkkirləri və ziyalılarımız ümumilikdə qəzet və qəzetçilik haqqında olduqca dəyərli fikirlər irəli sürüblər:

“İstər Həsən bəy Zərdabinin, istər Ömər Faiq Nemanzadənin, istər Azərbaycan mətbuat tarixinin görkəmli şəxsiyyətlərindən olan Üzeyir Hacıbəylinin, eləcə də Mirzə Cəlilin və digər görkəmli ziyalıların fikirlərinə nəzər saldıqda aydın olur ki, Azərbaycan mətbuatı yarandığı ilk dövrlərdən etibarən tarixin bütün mərhələlərində doğru sözə və obyektiv gerçəkliklərə söykənmişdir.

Bu görkəmli şəxsiyyətlər dünyanın düzgün dərk edilməsini, obyektiv təsvirini, hadisələrin təhlilini və tənqidi yanaşmanı jurnalist yaradıcılığının əsas məqsədi hesab etmişlər. Başqa sözlə, onların bütün baxışlarının mərkəzində qəzetin və qəzetçiliyin əsas prinsipləri – obyektivlik, düzgünlük və tənqidi yanaşma dayanırdı.

Məhz adıçəkilən prinsiplər Həsən bəy Zərdabidən, Mirzə Fətəli Axundovdan başlayaraq bu günə qədər gəlib çatan Azərbaycan jurnalistikasının nəzəri əsaslarını təşkil edir. Bu gün istər rəqəmsal jurnalistika, istərsə də internet platformalarında fəaliyyət göstərən media orqanları da məhz həmin prinsiplərə əsaslanmalıdır”.

Müsahib söhbətin sonunda texnoloji dönüş və risklərə toxunub :

” Bu gün biz texnoloji dəyişikliklər dövrünü yaşayırıq. Çap mediasının əvvəlki mövqeyini müəyyən qədər itirdiyi, internetin, sosial şəbəkələrin və rəqəmsal platformaların sürətlə inkişaf etdiyi bir mərhələdəyik. İnsanlar artıq xəbərləri daha operativ və interaktiv formada almağa öyrəşiblər. Lakin nəzərə almaq lazımdır ki, bu platformalarda yayılan informasiyalarda bəzən qeyri-dəqiqliyə və yoxlanılmamış məlumatların paylaşılmasına yol verilir.

Əgər nəzərə alsaq ki, redaksiyaların peşəkar süzgəcindən keçən xəbərlər, analitik yazılar və digər materiallar cəmiyyət üçün daha etibarlı və əhəmiyyətlidir, onda çap mediasının zəifləməsi yoxlanılmamış məlumatların daha geniş auditoriyaya çatdırılması riskini artırır. Bu baxımdan çap mediasının zəifləməsi müasir medianı və bütövlükdə cəmiyyəti ciddi şəkildə düşündürməlidir.

Bu, medianın inkişaf mərhələlərindən biri olmaqla yanaşı, müəyyən mənada jurnalistikanın klassik ənənələrinin zəifləməsini də göstərir. Obyektivlik və qərəzsizlik prinsiplərindən uzaq olan materialların bu platformalarda geniş yayılması gələcəyimiz üçün müəyyən risklər yarada bilər.

Bu gün jurnalistika yeni inkişaf mərhələsinə qədəm qoyur. Lakin bu inkişaf dövründə klassik jurnalistika ənənələrinə sadiq qalmaq vacibdir. Klassiklərimizin bizə miras qoyduğu dəyərləri qorumaq və yaşatmaq əsas vəzifələrimizdən biridir. Onlar jurnalistikaya dair cəmiyyətin həyatında mühüm rol oynayan elmi-nəzəri fikirlər irəli sürmüş, sağlam ictimai düşüncənin formalaşmasına xidmət edən zəngin irs yaratmışlar.

Klassiklərimiz eyni zamanda jurnalistikanın cəmiyyət qarşısında daşıdığı məsuliyyəti də ön plana çəkmişlər. Onların fikrincə, cəmiyyəti formalaşdıran əsas vasitələrdən biri jurnalistika və mətbuatdır. Buna görə də sağlam ictimai düşüncənin formalaşmasına xidmət edən mediada təhrif olunmuş məlumatlara, faktiki səhvlərə, qərəzli informasiyalara və ya yoxlanılmamış xəbərlərə yer verilməsi gələcəyimiz üçün ciddi problemlər yarada bilər”.

Aygün Əzimova Milli Mətbuat Günü münasibətilə həmkarlarına müraciətini və təbrikini belə ünvanlayıb:

“Bu gün Milli Mətbuat Günüdür. Bu münasibətlə bütün qələm sahiblərini klassik jurnalistika ənənələrinə sadiq qalmağa çağırıram. Medianın gələcəyin təminatında, eləcə də gələcək nəslin düzgün istiqamətləndirilməsində mühüm rol oynadığını nəzərə alaraq, bütün media nümayəndələrinə uğurlar arzulayıram. Arzum budur ki, onlar klassiklərimizin irsinə, formalaşdırdıqları jurnalistika ənənələrinə və jurnalistikaya dair elmi-nəzəri fikirlərinə daim söykənsinlər.

Milli Mətbuat Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm”.

Bu Mətbuat Gününə həsr olunmuş yazıda tarixçi‑jurnalist Akif Aşırlının və tədqiqatçı Aygün Əzimovanın fikirləri eyni mərkəzə yönəlir : bu gün “Əkinçi”nin başlanğıcını qeyd edərkən həm Zərdabinin qoyduğu prinsipləri, həm də müasir medianın reallıqlarını eyni vaxtda düşünməliyik. Milli mətbuatın 151 illik yolu yalnız qəzetlərin, saytların tarixçəsi deyil, həm də doğru sözün, obyektiv gerçəkliyin və ictimai məsuliyyətin cəmiyyətlə münasibətinin tarixidir. Rəqəmsal dövrün sürəti və informasiya bolluğu fonunda bu dəyərləri qorumaq, yeni texnologiyaları klassik jurnalistika məktəbinin süzgəcindən keçirmək hər bir media qurumunun üzərinə düşən əsas vəzifədir.

Zefer.media redaksiyası olaraq biz də Milli Mətbuat Günü və Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə bütün həmkarlarımızı – qəzet, jurnal, xəbər saytı, televiziya, radio və rəqəmsal platformalarda çalışan jurnalistləri – ürəkdən təbrik edirik. Arzumuz budur ki, hər bir media əməkdaşı Həsən bəy Zərdabidən başlayaraq klassiklərimizin yaratdığı irsə, obyektivlik, qərəzsizlik və doğru sözə söykənən jurnalistika ənənələrinə sadiq qalsın, yeni nəsillərə sağlam informasiya mühiti və güclü ictimai düşüncə miras qoysun. Milli Mətbuat Gününüz mübarək, qələminiz iti, sözünüz həmişə həqiqətin yanında olsun.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

MEDİA

“Milli mətbuatın missiyası və müasir dövrün çağırışları” mövzusunda konfrans keçirildi

İyul 22, 2026
Manşet

“Prezident İlham Əliyevin Berlin səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açdı”

İyul 22, 2026
Hərbi

Serbiya nümayəndə heyəti ölkəmizdə səfərdə olub

İyul 22, 2026
Gündəm

Deputat: Almaniya ilə münasibətlər Azərbaycanın Avropa siyasətində önəmli yer tutur

İyul 22, 2026
Gündəm

“Əkinçi”dən rəqəmsal informasiya mühitinə uzanan yol

İyul 22, 2026
Dünya

İran ABŞ-ni nüvə obyektlərinə cavab zərbəsi ilə hədələdi

İyul 22, 2026

XƏBƏR LENTİ

Avstriyada Hitlerin doğulduğu ev polis bölməsinə çevrilib

22 İyul, 26 / 18:35

Volodin deputatların məzuniyyət əvəzinə hərbi toplanışlara göndərilməsini təklif edib

22 İyul, 26 / 18:30

ABŞ İranın Hörmüz boğazında yerləşən Larak adasına raket zərbəsi endirib

22 İyul, 26 / 18:24

“Milli mətbuatın missiyası və müasir dövrün çağırışları” mövzusunda konfrans keçirildi

22 İyul, 26 / 18:18

Bolqarıstan parlamenti ABŞ təyyarələrinin yerləşdirilməsini təsdiqləyib

22 İyul, 26 / 17:41

SEPAH ABŞ-nin İordaniyadakı hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb

22 İyul, 26 / 17:37

“Prezident İlham Əliyevin Berlin səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açdı”

22 İyul, 26 / 16:48

Prezidentdən Rauf Arifoğlu ilə bağlı – Sərəncam

22 İyul, 26 / 16:47

Millət vəkili nüvə doktrinasının dəyişdirilməsi çağırışı etdi

22 İyul, 26 / 15:12

Paşinyan Ermənistanı şüşəyə çırpılan quşa bənzədib

22 İyul, 26 / 15:07

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.