İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın Qətərdəki ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi zərbələrin hərbi obyektlərə yönəldiyini və mülki ərazilərin hədəfə alınmadığını bildirib.
Zefer.media xəbər verir ki, Bəqayi “X” hesabında yazıb:
“Qətər hökuməti Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) təqdim etdiyi rəsmi sənəddə İrana məxsus zərbələrin əsasən ABŞ hərbi obyektlərinə yönəldiyini təsdiqləyib”.
Onun sözlərinə görə, Qətərin sənədində yalnız bir istisnadan – martın 18-də Ras Laffan qaz obyektinə edilən hücumdan bəhs olunur. Bəqayi hücuma haqq qazandırmağa çalışaraq, Ras Laffandakı obyektlərin ABŞ-nin hərbi əməliyyatlarını dəstəklədiyini deyib.
“Bu, ABŞ-nin mülki hədəflərə — məktəblərə, xəstəxanalara, yaşayış məhəllələrinə, toy mərasimlərinə, körpülərə və digər obyektlərə — qəsdən hücumlar həyata keçirməsi ilə bağlı uzunmüddətli tarixçəsi ilə kəskin ziddiyyət təşkil edir”, – deyə, sözçü vurğulayıb.
Zərintac Mayisqızı

















