Oman Hörmüz boğazında gəmilərin hərəkətini asanlaşdırmaq məqsədilə müvəqqəti rüsumsuz tranzit dəhlizi açdığını açıqlayıb.
Zefer.media xəbər verir ki, bu barədə Sultanlığın Xarici İşlər Nazirliyi bildirib.
Məlumata görə, təşəbbüs BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə koordinasiya şəraitində həyata keçirilir.
Açıqlamada qeyd olunub ki, yeni dəhliz ABŞ və İran arasında əldə edilən razılaşmalar fonunda yaradılıb və boğazdan keçən dəniz nəqliyyatının təhlükəsiz və fasiləsiz hərəkətinə dəstək verməyi hədəfləyir.
Bildirilib ki, marşrutdan istifadə etmək istəyən gəmilər hərəkətlərini əvvəlcədən IMO və Omanın müvafiq qurumları ilə əlaqələndirməlidirlər. Gəmi operatorları təşkilat və Oman hakimiyyəti tərəfindən müəyyən edilmiş koordinasiya qaydalarına əməl etməklə tranzit keçidi həyata keçirə biləcəklər.
Zərintac Mayisqızı

















