Xüsusi Təyinatlı Qüvvələrin şəhidi Əli Quliyevin oğlu Mürsəlin məzarı ziyarət olunub.
Zefer.media xəbər verir ki, ziyarətdə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin üzvləri iştirak ediblər. İştirakçılar əvvəlcə Mürsəlin məzarı önünə gül çələngi və tər güllər düzərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra şəhid Əli Quliyevin məzarı da ziyarət olunub, ruhuna dualar oxunub və xatirəsi hörmətlə anılıb.
Ziyarət zamanı birlik üzvləri Mürsəlin ailəsi ilə görüşərək onlara dərin hüznlə başsağlığı verib, bu ağır itkinin yaratdığı ağrını bölüşdüklərini bildiriblər. Qeyd olunub ki, şəhid ailələri və onların övladları xalqımız üçün hər zaman xüsusi dəyərə malikdir və onların yanında olmaq həm mənəvi, həm də vətəndaşlıq borcudur.
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin nümayəndələri bildiriblər ki, şəhidlərimizin ailələrinin və övladlarının xatirəsinin daim yaşadılması, onların ailələrinə mənəvi dəstək göstərilməsi cəmiyyətin hər bir üzvünün müqəddəs vəzifəsidir. Bu cür ziyarətlər şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, ailələrin kədərinə şərik olmağın və onlara mənəvi dayaq göstərməyin nümunəsidir.
Allah şəhidimiz Əli Quliyevə və vaxtsız dünyasını dəyişən Mürsələ rəhmət eləsin, ailələrinə səbir versin.

















