Ukrayna ABŞ Prezidenti Donald Trampı Kiyevə dəstəyi qoruyub saxlamağa inandırmağa yönəlmiş əvvəlki diplomatik strategiyasından uzaqlaşır. Kiyev bunun əvəzinə öz təsir rıçaqlarını gücləndirməyə və məhdud xarici resurslar şəraitində müharibə aparmaq imkanlarını artırmağa çalışır.
Mövzu ilə bağlı Zefer.media-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, bunu Ukraynanın xarici siyasətində yeni mərhələ kimi qiymətləndirmək olar:

“Əslində, Ukraynanın öz başının çarəsinə qalması və müdafiəsini özü təmin etməsi zərurəti Trampın hakimiyyətə gəldiyi ilk günlərdən etibarən mesaj kimi verilirdi. Ukrayna həmin dövrdən etibarən elə etibarlı siyasət yürütməli idi ki, Tramp administrasiyası ona sona qədər dəstək versin. Sonrakı mərhələlərdə isə Trampın müxtəlif mövqeləri səbəbindən ABŞ-ın Ukraynaya hərbi və maliyyə dəstəyində müəyyən fasilələr yarandı. Bu gün ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstəyi, müəyyən mənada, ritorikadan – yəni sözdən uzağa getmir. Düzdür, NATO-nun zirvə görüşündə ABŞ Prezidenti Ukraynanın Rusiyaya qarşı üstünlük əldə etdiyini və ABŞ-ın Kiyevə hər cür yardım göstərməkdə davam edəcəyini bildirdi. Amma biz hələlik bunun real nəticələrini görmürük. Xüsusilə Patriot raketləri ilə bağlı ABŞ-ın mövqeyi Ukraynanın meydanda müəyyən mənada tək buraxılması deməkdir. Belə şəraitdə Ukraynanın öz müdafiəsini təmin etməyə yönəlmiş strategiya hazırlaması onun üçün ən real çıxış yoludur. Ukraynanın artıq özünü müdafiə etmək məcburiyyətində qalması isə ABŞ-Ukrayna münasibətlərində baş verən dəyişikliklərin mənfi nəticəsidir”.
Həmçinin müsahib qeyd edib ki, ABŞ-Ukrayna münasibətlərinin müəyyən qədər zəifləməsi Ukraynanı belə bir addım atmağa vadar edib:
“Bu şəraitdə Ukraynanın ABŞ siyasətinə adekvat reaksiyasının müxtəlif variantları ola bilər. Fikrimcə, ən effektiv variant Ukraynanın Avropa ölkələri, xüsusilə Avropa İttifaqı və NATO-nun Avropadakı üzvləri ilə əməkdaşlığını daha da gücləndirməsidir. Nə qədər ki, Tramp administrasiyasının Ukraynanı döyüş meydanında tək buraxmaq ehtimalı var, Kiyevin ən adekvat reaksiyası Avropa ölkələri ilə münasibətləri daha da sıxlaşdırmaqdır. Ukrayna Avropa dövlətləri ilə əlaqələrini gücləndirsə, bu, həm ABŞ-a ciddi mesaj olacaq, həm də Rusiya qarşısında Ukraynanın daha da zəifləməsinin qarşısını almağa imkan verəcək”.
Qəmər Kazımzadə

















