Son illərdə texnologiyanın sürətli inkişafı proqramlaşdırmanı yalnız texniki sahə deyil, həm də gündəlik həyatın ayrılmaz hissəsinə çevirib. Süni intellekt, “ağıllı” sistemlər və rəqəmsal idarəetmə mexanizmləri həyatımızı asanlaşdırmaqla yanaşı, yeni risklər və çağırışlar da yaradır. Xüsusilə avtomobil və digər texniki sahələrdə proqram təminatının rolu artdıqca, bu sahədə ixtisaslı mütəxəssislərə olan ehtiyac daha da aktuallaşır. Bu baxımdan, mövzu həm texnoloji inkişaf, həm də təhlükəsizlik və kadr hazırlığı prizmasından xüsusi əhəmiyyət kəsb edir.
Məsələylə bağlı Zefer.media – ya açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov proqramlaşdırma dilinin yalnız texniki vasitə deyil, problemlərin sistemli həllinə xidmət edən metod olduğunu qeyd edib :

” Deməli, proqramlaşdırma dili dedikdə biz ümumilikdə proqramlaşdırma anlayışını, eləcə də müntəzəm və davamlı həll prinsiplərini nəzərdə tuta bilərik. Çünki bu gün elə bir inkişaf etmiş dövrdə yaşayırıq ki, proqramlaşdırma və müasir inteqrasiyanın əsas tələblərindən biri də yenilikçi yanaşma ilə ayaqlaşmaqdır.
Bu nə deməkdir? Yəni, müasir inkişaf o dərəcədə yüksək texnologiyalarla vəhdət təşkil edir ki, bu gün və ya sabah yeni bir texnologiyanın yaranacağı artıq şübhə doğurmur. Təbii ki, bu inkişaflar Android sistemləri, özünüidarəetmə mexanizmləri və “ağıllı” sistemlərlə birbaşa bağlıdır. Başqa sözlə, proqramlaşdırma süni intellekt vasitəsilə idarə olunan sistemlərin əsasını təşkil edir.
Eyni zamanda, süni intellekti müəyyən mənada risk qrupuna daxil etmək də mümkündür. Daha dəqiq desək, bu sahə müəyyən risklər daşıyır. Əgər əvvəllər avtomobili qarajdan çıxarıb oğurlamaq üçün fiziki müdaxilə tələb olunurdusa, bu gün buna ehtiyac qalmaya bilər. Artıq yalnız texnoloji vasitələrlə, məsafədən proqram təminatı vasitəsilə avtomobilin mühərrikini işə salmaq və ondan istifadə etmək mümkündür.
Bu yanaşma avtomobillərin təmir sahəsində də özünü göstərir. Ənənəvi ustaların baxış bucağından yanaşsaq, müasir avtomobillərin təmiri artıq mexaniki müdaxilədən çox, proqramlaşdırma və çiplər üzərindən həyata keçirilir. Yəni, kompüterə xüsusi avadanlıqlar vasitəsilə qoşularaq texniki nasazlıqlar aradan qaldırılır”.
Ekspert, risklərin azaldılması üçün ölkədə ixtisaslı texnoloq və peşəkar ustalara ehtiyac olduğunu vurğulayıb: “Bu kimi risklərin qarşısını almaq üçün ölkədə yüksək ixtisaslı texnologiya mütəxəssislərinin və peşəkar təmir ustalarının olması zəruridir. Bu, birbaşa olaraq onu göstərir ki, həmin mütəxəssislər yerli səviyyədə formalaşdırılmalı və bu sahədə bacarıqlarını inkişaf etdirməlidirlər. Əks halda, mövcud problemlərin effektiv həlli çətinləşəcək və bu çətinliklər davamlı xarakter alacaq.
Məsələnin həlli isə proqram təminatının, proqramlaşdırma dillərinin və onların mahiyyətinin düzgün şəkildə öyrədilməsindən keçir. Bu məqsədlə ustalar və mütəxəssislər üçün elə bir sistem formalaşdırılmalıdır ki, onlar mövcud problemləri analiz edib, praktik həll yolları tapa bilsinlər.
Belə mütəxəssislər həm ölkə daxilində yetişdirilə, həm də xaricdən cəlb oluna bilər. Lakin daha effektiv yol onların xarici ölkələrdə təcrübə qazanaraq, sonradan bu bilikləri ölkədə tətbiq etmələridir. Çünki yerində, real istehsalat və texnoloji mühitdə əldə olunan təcrübə daha səmərəli nəticə verir”.
Sonda A. Əsədov proqramlaşdırma və istehsalat sahələrində biliklərin praktik mühitdə öyrənilməsinin daha effektiv olduğunu bildirib: ” İstər proqramlaşdırma sahəsində, istərsə də zavod və ya fabrik mühitində biliklərin birbaşa tətbiq olunduğu şəraitdə öyrənilməsi daha məqsədəuyğundur. Yəni, hər bir istehsal prosesinin yerində mənimsənilməsi daha effektiv hesab olunur. Məncə, bu yanaşma daha düzgün və nəticəyönümlüdür”.
Pərvin Hacıyeva

















