Şəhid ailələrinə və qazilərə dəstək göstərmək hər birimizin mənəvi borcu, cəmiyyət olaraq üzərimizə düşən ən vacib vəzifələrdən biridir. Azərbaycanın müxtəlif bölgələrində şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, qazilərin qayğı və problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Bu istiqamətdə həyata keçirilən işlərə Xətai rayonunda da xüsusi diqqət yetirilir. Rayon rəhbərliyi əhalinin ən həssas təbəqələrindən olan şəhid ailələri və qazilərlə mütəmadi maraqlanır, onların qayğı və ehtiyaclarının diqqətdə saxlanılması istiqamətində tədbirlər görür.
Xüsusilə qeyd etmək lazımdır ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının artırılması istiqamətində həyata keçirdiyi fəaliyyət təqdirəlayiqdir.
Unutmayaq ki, Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə sahib çıxmaq, sağlamlığını və həyatını Vətənə fəda edən qazilərimizin yanında olmaq yalnız dövlətin deyil, hər bir vətəndaşın mənəvi məsuliyyətidir. Bu diqqət və qayğı davamlı olmalı, şəhid ailələri və qazilər heç zaman özlərini tək hiss etməməlidirlər.




