Banner

Ermənistanın yeni konstitusiya layihəsi hakim partiyada da narazılıq yaradıb – “Hraparak”

25 Noyabr 2026, 12:3710
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistanda yeni konstitusiya layihəsi ilə bağlı müzakirələr hakim “Vətəndaş Sazişi” Partiyasının daxilində də fikir ayrılıqlarına səbəb olub. Partiya üzvlərinin bir qisminin sənədi gözlənilməz qarşıladığı və layihənin məzmununu tənqid etdiyi bildirilir.

Zefer.media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri hakim partiyadakı mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, layihənin dərc olunmazdan əvvəl partiya daxilində müzakirə ediləcəyi bildirilsə də, sənədin açıqlanması bəzi üzvlər üçün sürpriz olub. Mənbələr layihənin hüquqi baxımdan ciddi qüsurlarının olduğunu iddia edir və onun təkmilləşdirilməsi üçün ən azı bir il vaxt tələb oluna biləcəyini düşünürlər.

Həmçinin sənədin Konstitusiya İslahatları Şurasına təqdim edilmədiyi iddia olunur.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-də yeni konstitusiyanın ilkin layihəsini ictimaiyyətə təqdim edib. O, sənədin müzakirəyə açıq olduğunu və vətəndaşların təkliflərinin nəzərə alınacağını bildirib.

Paşinyan daha əvvəl müxalifətə layihənin referendumla bağlı parlament qərarını dəstəkləməyi təklif edib. Baş nazirin sözlərinə görə, hakim “Vətəndaş Sazişi” fraksiyası referendumun təyin edilməsi üçün tələb olunan səs sayından altı mandat geri qalır. O, müxalifətin dəstək verməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilməsi variantını da istisna etməyib.

Məsələ Azərbaycan-Ermənistan münasibətləri baxımından da diqqət çəkir. Bakı Ermənistan konstitusiyasındakı Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılmasını sülh sazişinin imzalanması üçün vacib şərt hesab edir. Yeni layihənin preambulasında həmin bəyannaməyə istinad yer almır.

Hazırkı qaydalara əsasən, konstitusiya layihəsinin referenduma çıxarılması üçün parlamentdə ən azı 70 deputatın səsi tələb olunur. 105 yerlik parlamentdə 64 mandata malik hakim partiyanın müxalifətin dəstəyi olmadan bu həddi keçməsi mümkün deyil.

Qeyd edək ki, yeni konstitusiya layihəsi hələ qəbul edilməyib və onun taleyi parlamentdəki səsvermədən, eləcə də mümkün referendumun nəticəsindən asılı olacaq.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600