ABŞ İrana qarşı hərbi əməliyyatlardan daha təsirli ola biləcək yeni təzyiq mexanizmi axtarır. Vaşinqtonun hədəfində isə bu dəfə təkcə Tehran deyil, onun əsas iqtisadi tərəfdaşlarından biri – Pekindir.
İran ətrafında gərginlik davam edir. Vaşinqtonda Tehranı geri çəkilməyə məcbur etməyin müxtəlif variantları müzakirə olunsa da, hələlik konkret nəticə əldə edilməyib. Əksinə, Hörmüz boğazında təhlükəsizlik vəziyyəti mürəkkəb olaraq qalır. Raket və dron hücumları, eləcə də mina təhlükəsi ilə bağlı məlumatlar dəniz nəqliyyatı üçün riskləri artırır. Bu fonda ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının Vaşinqtonun nəzarətində olması barədə açıqlaması ilə faktiki vəziyyət arasında ciddi fərq olduğu görünür.
Digər tərəfdən, İranın ballistik raket istehsalını yenidən genişləndirməsi ABŞ-ni narahat edən əsas məsələlərdəndir. Tehranın nüvə proqramı ilə bağlı vəziyyət də qeyri-müəyyənliyini qoruyur. İranın əvvəlki səviyyədə uran zənginləşdirilməsini davam etdirib-etdirmədiyi barədə dəqiq məlumatlar olmasa da, ölkədəki mühafizəkar dairələrin nüvə silahına sahib olmağın əhəmiyyəti barədə açıqlamaları diqqət çəkir.
Belə bir şəraitdə ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli İrana qarşı yeni təzyiq strategiyası təklif edib. O, “Fox News” telekanalına müsahibəsində Donald Tramp administrasiyasının Çin və Honq-Konqda fəaliyyət göstərən kölgə bankçılıq şəbəkələrini hədəfə almaqla Tehranın maliyyə imkanlarını məhdudlaşdıra biləcəyini bildirib.
Heylinin yanaşmasına görə, İranın neft satışından əldə etdiyi gəlirlərin və maliyyə əməliyyatlarının mühüm hissəsi Çin bankları vasitəsilə həyata keçirilir. Bu kanalların bağlanması Tehranı ciddi iqtisadi çətinliklərlə üz-üzə qoya, nəticədə hərbi müdaxiləyə ehtiyac qalmadan İranı geri çəkilməyə məcbur edə bilər.
Keçmiş səfir hesab edir ki, İranın maliyyə resurslarının məhdudlaşdırılması onun ballistik raket proqramına və regiondakı müttəfiq silahlı qruplara dəstəyinə də mənfi təsir göstərəcək.
Çin amili: İranın iqtisadi dayağı, yoxsa ABŞ-nin təzyiq rıçağı?
Əslində, Nikki Heylinin təklifi Vaşinqtonun İran siyasətində daha geniş geosiyasi hesablamaların mövcudluğunu göstərir. Çünki Çin Tehranın əsas iqtisadi tərəfdaşlarından biridir. İranın Çinə neft ixracından əldə etdiyi gəlirlər ölkənin iqtisadiyyatının və hərbi sənaye potensialının saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır.
Pekinlə əməkdaşlıq İran üçün təkcə neft satışından ibarət deyil. Çinlə iqtisadi və texnoloji əlaqələr Tehran üçün beynəlxalq sanksiyaların yaratdığı məhdudiyyətləri qismən kompensasiya etmək imkanı yaradır. Çinin İranın raket və dron istehsalında istifadə oluna biləcək bəzi texnologiyalara və komponentlərə çıxışında rol oynadığı barədə də iddialar mövcuddur.
Bu baxımdan, Çinin dəstəyinin zəifləməsi İranın iqtisadi və hərbi imkanlarına ciddi təsir göstərə bilər. Lakin əsas sual budur: Pekin ABŞ-nin təzyiqləri qarşısında Tehranla əməkdaşlıqdan imtina edəcəkmi?
Hələlik belə bir ehtimal real görünmür.
Donald Tramp Çin lideri Si Cinpinlə son görüşündən sonra Pekinin də Hörmüz boğazının açılmasında və İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasında maraqlı olduğunu bildirmişdi. Ancaq bu məsələlərdə ortaq mövqenin mövcudluğu Çinin İranla strateji və iqtisadi əlaqələrindən imtina etməsi demək deyil.
Pekin üçün İranla münasibətlər daha geniş regional siyasətin tərkib hissəsidir. Çin Yaxın Şərqdə mövqelərini möhkəmləndirməyə, enerji təhlükəsizliyini təmin etməyə və ABŞ-nin regiondakı təsir imkanlarını balanslaşdırmağa çalışır. Buna görə də, Tehranın tamamilə zəifləməsi və Vaşinqtonun regionda mövqelərini gücləndirməsi Çinin maraqlarına uyğun gəlməyə bilər.
Si Cinpinin böyük strategiyası və Vaşinqtonun narahatlığı
Məsələnin digər mühüm tərəfi ABŞ-Çin rəqabətidir. Si Cinpin hakimiyyətə gəldikdən sonra Pekinin xarici siyasəti daha fəal, iddialı və qlobal miqyaslı xarakter alıb.
2013-cü ildə irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsü bu strategiyanın əsas istiqamətlərindən biridir. Layihə vasitəsilə Çin Asiya, Avropa, Afrika və Yaxın Şərqdə nəqliyyat, enerji və ticarət əlaqələrini genişləndirməyə, bununla da iqtisadi və siyasi təsir imkanlarını artırmağa çalışır.
Eyni zamanda Pekin Cənubi Çin dənizində hərbi-dəniz qüvvələrini gücləndirir, hərbi infrastrukturunu genişləndirir və strateji əhəmiyyətli dəniz marşrutları üzərində mövqelərini möhkəmləndirir.
Vaşinqton isə Çinin bu yüksəlişini özünün qlobal liderlik mövqeyinə ciddi çağırış hesab edir. ABŞ-nin əsas məqsədlərindən biri Pekinin Avrasiya məkanında iqtisadi və siyasi təsir imkanlarının genişlənməsini məhdudlaşdırmaqdır.
İran bu geosiyasi rəqabətdə mühüm mövqeyə malikdir. Ölkə həm enerji resurslarına, həm də Hörmüz boğazı kimi strateji əhəmiyyətli coğrafi mövqeyə sahibdir. Üstəlik, Tehran Çin üçün Yaxın Şərqdə ABŞ təsirinə qarşı müəyyən tarazlaşdırıcı amil rolunu oynayır.
Bu səbəbdən Vaşinqtonun İranı zəiflətmək cəhdlərinə yalnız nüvə proqramı və raket təhlükəsizliyi prizmasından baxmaq düzgün olmazdı. Burada Çinin regional təsir imkanlarının məhdudlaşdırılması da mühüm amildir.
Nikki Heylinin təklifi niyə asanlıqla reallaşmaya bilər?
Nikki Heyli hesab edir ki, ABŞ Maliyyə Nazirliyi Çin və Honq-Konqdakı maliyyə şəbəkələrinə qarşı qətiyyətli addımlar atarsa, Pekin İranla əməkdaşlığı davam etdirməklə ABŞ bank sisteminə çıxış imkanlarını itirmək arasında seçim etməli olacaq.
Onun fikrincə, Çin üçün ABŞ maliyyə sisteminə çıxış İranla iqtisadi əməkdaşlıqdan daha vacibdir.
“Çinin bizə ehtiyacı İrana olan ehtiyacından daha çoxdur. Bizim təzyiq rıçaqlarımız var, onlardan istifadə edin, qərar verin və bu müharibəyə son qoyun”, – deyə Heyli bildirib.
Lakin məsələ göründüyü qədər sadə deyil. ABŞ indiyədək də Çinə qarşı iqtisadi və maliyyə təzyiqi mexanizmlərindən istifadə edib. Bununla belə, Pekin İranla münasibətlərini davam etdirməkdən imtina etməyib.
Üstəlik, Çinin xarici siyasəti yalnız iqtisadi maraqlara əsaslanmır. Pekin üçün strateji tərəfdaşlarla münasibətləri qorumaq, ABŞ-nin birtərəfli təzyiq siyasətinə qarşı müqavimət göstərmək və alternativ beynəlxalq iqtisadi əlaqələr qurmaq da vacibdir.
ABŞ-nin Çin banklarına qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməsi isə iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirə, qlobal maliyyə və ticarət sistemində əlavə problemlər yarada bilər.
Nəticə: Vaşinqtonun İran strategiyasının arxasında Çinlə böyük qarşıdurma dayanır
Beləliklə, İran ətrafında baş verənləri yalnız Tehranla Vaşinqton arasında nüvə və raket qarşıdurması kimi qiymətləndirmək kifayət deyil. Hörmüz boğazının təhlükəsizliyi, İranın neft ixracı, ballistik raket istehsalı və Çinlə iqtisadi əlaqələri eyni geosiyasi mənzərənin ayrı-ayrı elementləridir.
Nikki Heylinin təklifi göstərir ki, ABŞ-də İranı hərbi əməliyyatlar olmadan zəiflətmək ideyası da ciddi müzakirə olunur. Ancaq bunun reallaşması üçün Vaşinqton təkcə Tehranı deyil, Pekini də öz strategiyasına uyğun davranmağa məcbur etməlidir.
Əsas problem isə budur ki, Çin İranı ABŞ ilə münasibətlərdə güzəştə gediləcək adi iqtisadi tərəfdaş kimi görmür. Tehranla əməkdaşlığın davam etdirilməsi Pekinin Yaxın Şərqdəki maraqlarına və ABŞ-nin qlobal təsirini balanslaşdırmaq strategiyasına xidmət edir.
Deməli, İranı maliyyə baxımından sıxışdırmaq planı əslində ABŞ-Çin qarşıdurmasının yeni mərhələsinə çevrilə bilər. Bu mübarizədə Vaşinqtonun əsas məqsədi yalnız İranı ram etmək deyil, həm də Pekinin Avrasiya və Yaxın Şərqdə artan təsir imkanlarını məhdudlaşdırmaqdır.
Qoşqar Salmanlı




