“ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinin Azərbaycana səfəri Vaşinqtonun çoxşaxəli əməkdaşlıq və milli təhlükəsizlik strategiyasının mühüm tərkib hissəsidir. ABŞ dünyanın müxtəlif regionlarında əlaqələrini gücləndirməyə çalışır və bu siyasət Cənubi Qafqaza da sirayət edir. Bu, çoxşaxəli siyasətdir. Çünki Amerika regiona enerji, iqtisadiyyat və diplomatiya ilə yanaşı, təhlükəsizlik, logistika və geosiyasi rəqabət prizmasından da yanaşır.
Digər bir məsələ ondan ibarətdir ki, Xəzər hövzəsində Azərbaycan ABŞ-nin əsas beynəlxalq tərəfdaşlarından biridir. Çünki Azərbaycanın coğrafi mövqeyi Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında təhlükəsizlik və tranzit əlaqələrinin qurulmasında mühüm əhəmiyyət daşıyır”.
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
“Mühüm məqamlardan biri də TRIPP layihəsinin geosiyasi və təhlükəsizlik əhəmiyyətidir. ABŞ Cənubi Qafqaz vasitəsilə də öz regional maraqlarını reallaşdırmağa çalışır. Bundan əlavə, Vaşinqton İran və Rusiyanın regional təsir imkanlarını balanslaşdırmaq məqsədilə yeni əməkdaşlıq istiqamətləri formalaşdırır. Bu isə Xəzər dənizi vasitəsilə alternativ ticarət və enerji marşrutlarının təhlükəsizliyi məsələsini ön plana çıxarır.
Ümumiyyətlə, Xəzər hövzəsi Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. ABŞ digər Mərkəzi Asiya ölkələri ilə əlaqələrini də Xəzər hövzəsi və Azərbaycan vasitəsilə uzlaşdırmağa çalışır. Bu isə regional təhlükəsizlik arxitekturasında yeni addımların atılması deməkdir.
ABŞ-nin ümumilikdə Xəzər regionu və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir. Bu əməkdaşlıq enerji təhlükəsizliyi, neft-qaz sektoru, Orta Dəhliz, TRIPP layihəsi, müdafiə, təhlükəsizlik və digər istiqamətləri əhatə edir. Məsələn, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistanla da bu istiqamətlərdə müxtəlif əməkdaşlıq layihələri həyata keçirilir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan təkcə Cənubi Qafqaz regionu üçün deyil, həm də Avropaya istiqamətlənən, Asiyadan gələn və Mərkəzi Asiyanı birləşdirən həm quru, həm də Xəzər dənizi vasitəsilə dəniz nəqliyyat marşrutları baxımından mühüm əhəmiyyət daşıyır.
Bu kontekstdə C5+1 formatını da qeyd edə bilərik. Özbəkistanın Səmərqənd şəhərində keçirilən görüşdə ABŞ və beş Mərkəzi Asiya ölkəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdu. Bütün bunlar onu göstərir ki, ABŞ üçün Xəzər dənizi yalnız təhlükəsizlik baxımından deyil, həm də əməkdaşlıq etdiyi digər ölkələrlə koordinasiyanın təmin edilməsi baxımından önəmlidir. Ona görə də Vaşinqton Azərbaycanı Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini birləşdirən əsas coğrafi tərəfdaşlardan biri kimi görür”.




