ABŞ-də CIA, FBI və Maliyyə Nazirliyinin məlumatlarına sızılıb. Avropada isə Belçikadan Fransaya, Yunanıstandan Almaniyaya qədər bir çox ölkədə kiberhücum hadisələri baş verib. Kiberhücumçular FIFA-nı da hədəfə alıblar.
Zefer.media Amerika mətbuatının məlumatına görə xəbər verir ki, CIA və Milli Kəşfiyyat Direktoru Ofisinin istifadə etdiyi kompüter şəbəkəsinə sızılıb. Kiberhücumun hədəfində açıq mənbəli kəşfiyyat təhlili sistemi olub.
İnternet saytları, sosial media paylaşımları, peyk görüntüləri və kommersiya məlumat bazalarından əldə edilən məlumatlar bu sistemdə toplanır və təhlil edilir.
Rəsmilərin bildirdiyinə görə, məxfi sənədlərin yerləşdiyi sistemlərə giriş əldə edilməyib.
Federal Təhqiqat Bürosu (FBI) ölkə üzrə hüquq-mühafizə orqanlarının istifadə etdiyi Milli Cinayət Məlumat Mərkəzinə qarşı mümkün kiberhücumla bağlı araşdırma aparır. Sözügedən məlumat bazasında axtarışda olan şəxslər, itkin düşənlər, cinayət keçmişi və oğurlanmış əşyalarla bağlı məlumatlar yer alır.
ABŞ Maliyyə Nazirliyinə bağlı Maliyyə Cinayətlərinin Araşdırılması Şəbəkəsində (FinCEN) də kibertəhlükəsizlik pozuntusu aşkar edilib. Sistemlərin bir hissəsinə icazəsiz giriş təmin olunub, bəzi sistemlər isə ehtiyat tədbiri olaraq deaktiv edilib.
Belçikada kəşfiyyat xidməti ilə Avropa Komissiyasının əməkdaş və insan resursları sistemləri hədəfə alınıb. 82 bələdiyyənin məlumatlarına sızmağa cəhd edilib.
Almaniyada müdafiə sənayesi şirkətləri, Fransada supermarketlərin soyutma sistemləri və şəxsi məlumatlar, Yunanıstanda isə NATO-nun Daimi Nümayəndəliyi kiberhücuma məruz qalıb.
Kiberhücumçular FIFA-nı da hədəfə alıblar. Şəxsiyyət sənədləri, maliyyə qeydləri və hüquqi sənədlər də daxil olmaqla, 12 GB-dan çox məlumatın sızdırıldığı iddia edilir.
Lalə Qurbanlı




