İsrailin müdafiə naziri İsrael Kats HAMAS silahı yerə qoymayacağı təqdirdə Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanacağını və bir milyon fələstinlinin Qəzza şəhərindən köçürüləcəyini bəyan edib.
Zefer.Media xəbər verir ki, İsrael Kats bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Nazirin iddiasına görə, Qəzza zolağının təxminən 70 faizi dağıdılıb və İsrail ordusunun nəzarəti altındadır. O, HAMAS-ın zolağın qalan hissəsində nəzarətini davam etdirməsini isə “illüziya” adlandırıb.
Kats HAMAS-ı könüllü şəkildə silahı yerə qoymağa, Qəzza zolağının isə ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq demilitarizasiya edilməsinə çağırıb.
İsrail müdafiə naziri əks halda İsrail ordusunun “Gideonun döyüş arabaları – 2” əməliyyatı çərçivəsində HAMAS-ı güc yolu ilə tərksilah edəcəyini bildirib.
O, həmçinin hərbi əməliyyatların bərpa olunacağı təqdirdə Qəzza şəhərinin bir milyon sakininin zolağın cənubuna köçürüləcəyini vurğulayıb.
Qeyd edək ki, bu bəyanat Qəzzada hərbi əməliyyatların yenidən genişlənməsi və mülki əhalinin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.




