• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.8° Weather Columbus
$
1.7
€
1.9327
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Rəngli cihazların qara fəsadları: Elektron siqaret daha təhlükəsizdir, yoxsa maskalanmış bir epidemiya?

06 İyul, 26 / 13:06
A A

Yüzillər boyu bəşəriyyətin ən böyük asılılıqlarından birinə çevrilən tütün məmulatları, XXI əsrdə texnologiyanın inkişafı ilə fərqli bir mutasiyaya uğrayıb. 2003-cü ildə Çində icad edilən və qısa zamanda qlobal bazarı fəth edən elektron siqaretlər, dünyaya tamamilə fərqli bir vədlə təqdim olundu: “Ənənəvi siqaretdən xilas olmaq üçün zərərsiz alternativ”. Lakin zaman keçdikcə həmin vədin arxasında nəhəng bir marketinq hiyləsinin dayandığı, dumanın yerini alan rəngli buxarın isə insan orqanizmini addım-addım zəhərlədiyi elmi şəkildə sübut olunub.

Bu gün dünyada 100 milyondan çox insan elektron siqaret istifadəçisidir. Dəhşətli məqam burasındadır ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatlarına görə, bu kütlənin ən azı 15 milyonunu 13-15 yaşarası yeniyetmələr təşkil edir. İstehsalçı şirkətlər sosial şəbəkələr və rəngarəng, meyvəli, şirniyyat dadlı dizaynlar vasitəsilə birbaşa uşaqları və gəncləri hədəfə alıblar. Bu trend Azərbaycanda da ciddi şəkildə adiləşməyə doğru gedir; küçələrdə, kafelərdə, universitet dəhlizlərində əlində rəngli cihazlar tutan yeniyetmələrin və qadınların sayı sürətlə artır.

​Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) araşdırmaları isə bu “əyləncəli” buxarın arxasındakı real təhlükəni ortaya qoyur: Elektron siqaret vasitəsilə orqanizmə daxil olan formaldehid maddəsinin həcmi, təhlükəli istehsalat sahələrindəki normadan düz 20 dəfə çoxdur. Ən minimal, 2 ml-lik bir cihaz daxilində gizlənən nikotin və kimyəvi qarışıqlar, gənclərin ağciyərlərində xroniki bronxitdən tutmuş həyat üçün təhlükəli zədələnmələrə qədər bərpaolunmaz fəsadlar törədir.

Məhz bu qlobal “nikotin epidemiyası” ilə mübarizə çərçivəsində dünya praktikasında kəskin addımlar atılır. Norveç, Türkiyə, Braziliya və Hindistan daxil olmaqla 46 ölkə elektron siqaretləri tamamilə qadağan edib. Azərbaycan da bu təhlükəyə qarşı qətiyyətli hüquqi müstəviyə keçid edib. Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, maye halda buxarlanan elektron siqaretlərin ölkədə idxalı, istehsalı, satışı və istifadəsi tamamilə qadağan olunub . Dövlətin bu addımı xəstəliklərlə mübarizə xərclərini artırmaqdansa, insan kapitalını birbaşa profilaktik yolla qorumaq strategiyasının məntiqi nəticəsidir.

Lakin qadağalar və statistik rəqəmlər problemin yalnız görünən tərəfidir. Bu cihazların cəmiyyətdə bir trendə çevrilməsinin, gənclərin bu asılılığa sürüklənməsinin arxasında hansı sosioloji və psixoloji faktorlar dayanır ? İnsanlar niyə dumanın arxasında gizlənən bu təhlükəni “əyləncə” kimi qəbul edirlər ?

Elektron siqaretlər cəmiyyətdə təkcə ağciyərləri deyil, həm də sosial davranış normalarını hədəf alan bir fenomenə çevrilib. Məsələyə bucaq altından baxdıqda görürük ki, cihazın rəngarəng dizaynı və ya buxarının “zərərsizliyi” barədə deyilənlər, əslində, müasir dövrün “sosial uyğunlaşma” tələbinin bir hissəsidir.

Mövzunun sosioloji tərəfi barədə Zefer.media – ya açıqlama verən sosioloq Naib Niftəliyev bu məmulatların sağlamlıq üçün fəsadlara yol açdığını bildirib :

” Hazırda ənənəvi siqaretlərlə yanaşı, elektron siqaretlər və vape cihazları da geniş yayılıb. Bu məhsullar, şübhəsiz ki, insan sağlamlığına təsir göstərən amillər sırasındadır. Lakin məsələ yalnız sağlamlıqla məhdudlaşmır; burada sosial, psixoloji, mənəvi davranış və həyat tərzi ilə bağlı məqamlar da mühüm rol oynayır.

Son illərdə bu məhsulların populyarlaşmasının və dəbə çevrilməsinin müəyyən obyektiv səbəbləri mövcuddur. Bu səbəblərdən biri gənclərin ənənəvi vərdişlərdən uzaqlaşmaq və fərqlənmək istəyidir. Bununla yanaşı, müasir həyat tərzi, sosial status və müəyyən qrupa aid olmaq istəyi də bu tendensiyaya təsir göstərən amillərdəndir. Bəzi gənclər elektron siqaretdən istifadəni müasirlik, sərbəstlik və müəyyən sosial qrupa mənsubiyyətin simvolu kimi qiymətləndirirlər”.

Burada diqqətimizi ən çox çəkən məqam odur ki, gənclər üçün bu cihazlar nikotin ehtiyacından daha çox, bir növ “özünüiqrar atributu” funksiyasını daşıyır. Yəni, tüstü buludları əslində daxili bir isyanın və ya cəmiyyətə ötürülən “mən də burdayam” mesajının vizual formasıdır. Üstəlik, bu dalğanın artıq gender sərhədlərini aşaraq qadınlar arasında da yayılması problemin miqyasını böyüdür. Mütəxəssisimiz gənclik dövrünün bu qaçılmaz böhranını və cəlbedici qablaşdırma manipulyasiyasını belə izah edir:

“Diqqət çəkən mühüm məqamlardan biri də gənclik dövründə özünü təsdiq etmək istəyidir. Bir çox hallarda fərqlənmək və qəbul olunmaq ehtiyacı gəncləri bu vasitələrdən istifadə etməyə sövq edir. Bu baxımdan siqaret bəzən özünü ifadə vasitəsinə çevrilir. Xüsusilə oğlanlar arasında bu hal daha geniş yayılıb. Təəssüf ki, son dövrlərdə qadınlar arasında da elektron siqaret istifadəsinə meyl artmaqdadır. Düzdür, Azərbaycan cəmiyyətində bu hələ geniş xarakter daşımır, lakin istifadəçilərin sayının artması diqqətdən yayınmır.

Bir çox gənclər üçün vape istifadəsi nikotin tələbatından daha çox sosial özünü təsdiq və müəyyən mesajların ötürülməsi vasitəsi kimi çıxış edir. Onlar daha cəsarətli, müasir və sərbəst görünmək, həmçinin trendlərə uyğun şəkildə özlərini ifadə etmək məqsədilə bu vərdişləri mənimsəyirlər. Nəticədə elektron siqaret bəzi insanlar üçün həyat tərzinin ayrılmaz hissəsinə çevrilir.

Bu prosesdə elektron siqaretlərin reklamı və onların guya daha az zərərli və ya zərərsiz olması ilə bağlı formalaşdırılan təsəvvürlər də mühüm rol oynayır. Bu cür yanaşmalar sosial identiklik baxımından müəyyən təsir yaradır və insanların özlərini müəyyən sosial qrupla eyniləşdirməsinə səbəb olur.

Bu tendensiya bütün yaş qrupları üçün təhlükəli olsa da, xüsusilə uşaqlar və yeniyetmələr üçün daha ciddi risk yaradır. Çünki onlar bu məhsulların yaratdığı təhlükələri tam qiymətləndirə bilmirlər. Emosional və sosial təsirlər onların qərarlarına daha çox təsir etdiyi üçün təhlükəsizlik məsələləri arxa plana keçir, sosial özünü təsdiq isə ön plana çıxır. Bununla da “mən artıq böyümüşəm”, “mənimlə hesablaşmaq lazımdır” kimi mesajlar verilməyə çalışılır.

Elektron siqaretlərin rəngi və texnoloji dizaynı da bu prosesdə mühüm rol oynayır. Ümumiyyətlə, rəngarənglik və fərqlilik insanların diqqətini cəlb edən əsas amillərdəndir. Parlaq rənglər insan psixologiyasına və davranışına müəyyən təsir göstərir. Müasir dizayn, müxtəlif dad seçimləri və texnoloji elementlərlə zəngin məhsullar gənclərin diqqətini daha çox cəlb edir. Bu baxımdan elektron siqaretlər sadəcə istifadə vasitəsi deyil, həm də fərdi üslubun nümayiş etdirilməsi üçün bir aksesuar kimi qəbul olunur”.

İşin ən qorxulu tərəfi də elə budur: siqaret çəkmək artıq zərərli bir vərdiş kimi yox, cibdə daşınan “texnoloji bir oyuncaq” kimi qəbul etdirilir. Amma bu rəngli vitrinin arxasında görünməyən başqa bir mexanizm işləyir – qrup təzyiqi və rəqəmsal dünyanın alqoritmləri. Bir gənc yalnız dost mühitindən kənarda qalmamaq üçün və ya sosial mediadakı estetik paylaşımların təsiri ilə bu bataqlığa ilk addımını atır. Sosioloq, zəncirvari reaksiyaya səbəb olan bu sosial dalğanın səbəblərinə və çıxış yollarına aydınlıq gətirərək, bildirib :

“Marketinq strategiyaları da bu psixoloji xüsusiyyətləri nəzərə alaraq elektron siqaretləri daha cəlbedici rənglərdə və müxtəlif dizaynlarda təqdim edir. Buna görə də davranış riskləri və profilaktik tədbirlər baxımından bu məqamlar xüsusi diqqətdə saxlanılmalıdır. Bu istiqamətdə sosioloqlar, psixoloqlar və digər tədqiqatçılar müxtəlif araşdırmalar aparırlar. Eyni zamanda gənclərin düzgün tərbiyəsi və maarifləndirilməsi də diqqət mərkəzində olmalıdır.

Qrup təsiri isə hər zaman mövcud olan əsas risklərdən biridir. Məsələn, dostlardan biri elektron siqaretdən istifadə edirsə, çox vaxt digərlərinə də bundan istifadə etmək təlqin olunur. Təəssüf ki, bir çox hallarda həmin şəxslər bu təsirin altına düşür və sonradan bu zərərli vərdişdən uzaqlaşa bilmirlər.

Yeniyetməlik və gənclik dövründə yaşıdların fikri xüsusi əhəmiyyət daşıyır. Sosial psixologiyada bu, “qrup təsiri”, sosiologiyada isə müəyyən qrupa mənsub olmaq və sosial uyğunlaşma meyli kimi izah olunur. Əgər dost çevrəsində qəbul olunmaq əsas məqsədə çevrilirsə, elektron siqaret də həmin mühitin simvollarından birinə çevrilə bilir. Belə hallarda ya həmin şəxs bu mühitdən uzaqlaşmalı olur, ya da qrup daxilində qalmaq üçün digərlərinin davranışını təkrarlayır. “Hamı istifadə edir, mən də etməliyəm” düşüncəsi məhz bu mərhələdə formalaşır.

Belə hallarda “mən istifadə edirəm, sən də istifadə et”, “özümü daha rahat hiss edirəm”, “daha enerjiliyəm” kimi fikirlərlə insanlar elektron siqaretə həvəsləndirilir. Qrup təzyiqi fenomeni burada əsas rol oynayır. Əslində məqsəd nikotin qəbul etmək deyil, qrupa uyğunlaşmaq və sosial münasibətləri qorumaq olur. “Niyə istifadə etmirsən?” kimi suallar da həmin təzyiqin tərkib hissəsinə çevrilir və nəticədə asılılığın formalaşmasına zəmin yaradır.

Bununla yanaşı, sosial-iqtisadi problemlər, depressiya və digər psixoloji amillər də elektron siqaret istifadəsinə təsir göstərən mühüm faktorlardandır. Bəzən insan bir problemdən çıxış yolu axtararkən daha ağır bir problemin – nikotin asılılığının – içinə düşür. Sadəcə əyləncə və ya qısa müddətli rahatlıq hissi sonradan uzunmüddətli asılılığa səbəb ola bilər. Buna görə də bu amillərə xüsusi diqqət yetirilməlidir.

Sosial medianın da bu prosesdə rolu olduqca böyükdür. Elektron siqaret istifadəsi həyat tərzi kimi təqdim edildikdə və gündəlik paylaşımlarda normallaşdırıldıqda, onun kütləviləşməsi və daha çox gəncə təsir göstərməsi ehtimalı artır. Baxış və maraq yaradan məzmunların ön plana çıxması bu vərdişlərin də təbliğ olunmasına səbəb olur. Bu isə sosial medianın mənfi təsirlərindən biri hesab oluna bilər.

Bu istiqamətdə medianın özü də müəyyən tədbirlər görə bilər. Sosial maarifləndirmənin gücləndirilməsi, sağlam həyat tərzini təşviq edən məzmunların artırılması və manipulyativ reklamların təsirinin alqoritmlər vasitəsilə azaldılması mühüm əhəmiyyət daşıyır. Bu məsələlərə həssas yanaşmaq lazımdır. Burada sosial modelləşdirmə, sosial ölçmə və sosial media alqoritmlərinin düzgün qurulması xüsusi əhəmiyyət kəsb edir. Həmin alqoritmlər düzgün müəyyənləşdirilərək sağlam istiqamətdə formalaşdırılmalıdır”.

Sosioloji mənzərə bizə fərdin daxil olduğu mühit və cəmiyyətin bu problemə baxış bucağını aydın şəkildə göstərir. Görünən odur ki, qrup daxilində qəbul olunmaq və estetik manipulyasiyalara aldanmaq gəncləri bu maddənin ilk tüstüsü ilə tanış edir. Lakin sosiologiyanın ‘mühit’ dediyi yerdə, fərdin daxili dünyası – psixologiyası dövrəyə girir. Çünki sosial mühitin təzyiqi ilə başlayan bu vərdiş, zamanla şəxsiyyətin idarəetməsini ələ keçirən daha dərin bir asılılıq labirintinə çevrilir. Bəs fərdi səviyyədə bu cihazlar insan şüurunu necə əsir alır ?

Məsələnin psixoloji tərəflərinə nəzər salan psixoloq Zaur Qasımov dumanın şüuraltı mexanizmini və dadlandırıcıların yaratdığı gizli təhlükə barədə danışıb :

” Elektron siqaretlə adi siqaret arasında əsaslı fərq yoxdur. Bəzi hallarda elektron siqaretlərin tərkibində nikotin olmaya bilər. Lakin onların tərkibinə müxtəlif dadlandırıcı maddələr əlavə edilir. Həmin dadlandırıcılar da nikotin kimi beynin dopamin sisteminə təsir göstərərək asılılıq yarada bilir. Yəni elektron siqaretlər də eyni mexanizm vasitəsilə beyinə təsir edir və asılılığın formalaşmasına səbəb olur. Hətta tərkibinə əlavə olunan bəzi dadlandırıcıların bu asılılığı daha da gücləndirdiyi bildirilir.

Elektron siqaretlərin insan orqanizminə zərərinin adi siqaretlə müqayisədə daha az olması tərəfindən aparılan araşdırmalarla sübuta yetirilməyib. Buna görə də elektron siqaretlərin daha az zərərli olduğunu demək mümkün deyil. Hansının insan sağlamlığı üçün daha çox və ya daha az zərərli olduğu dəqiq müəyyən edilməyib. Bu isə elektron siqaretlərin də kifayət qədər zərərli təsirlərə malik olduğunu göstərir”.

​Mütəxəssisin toxunduğu “dopamin tələsi”, əslində, marketoloqların ən çox manipulyasiya etdiyi nöqtədir. İnsan beyni kimyəvi olaraq həzzə proqramlaşdırılıb və siqaret sənayesi bu rəngarəng cihazlarla gənclərə asan, “təhlükəsiz” görünən bir xoşbəxtlik hormon paketi təklif edir. Bir fincan qəhvə və ya dost məclisindəki spirtli içki daxildəki dopamin istəyini alovlandırır, elektron cihazlar isə bu alovun üzərinə benzin tökür. Bu yalançı rahatlıq zonası isə fərqində olmadan insanı ağır asılılıq zəncirinə bağlayır. Psixoloq, bu şüuraltı zəncirin formalaşma mərhələlərini və cəmiyyətdəki ən böyük mifləri izah edərək fikirlərini yekunlaşdırıb :

” İnsanlar bir çox hallarda elektron siqaretə özünü sübut etmək, stressi azaltmaq və ya müəyyən vəziyyətlərdə rahatlamaq məqsədilə üz tuturlar. Məsələn, spirtli içki qəbul etdikdən və ya qəhvə içdikdən sonra siqaret çəkməyə meyil arta bilər. Çünki bunların hər biri beynin dopamin, yəni həzz sisteminə təsir göstərir. Bundan sonra çəkilən siqaret dopamin səviyyəsini daha da artırdığı üçün insanda daha çox həzz hissi yaradır. Zaman keçdikcə isə bu vəziyyət həmin şəxslərdə asılılığın formalaşmasına səbəb olur.

Bəzi insanlarda belə yanlış təsəvvür formalaşır ki, adi siqaretdən elektron siqaretə keçid daha az zərərlidir və asılılıq yaratmır. Halbuki bu doğru deyil. Elektron siqaretlər də adi siqaret kimi insanlarda asılılıq yaradır. Məhz buna görə də bir sıra ölkələrdə onların istifadəsi qadağan edilib. Ən düzgün seçim isə elektron siqaretdən ümumiyyətlə istifadə etməməkdir”.

​Nəticə etibarilə, rəngli vitrinlərin, cazibədar dizaynların və yalançı azadlıq vədlərinin arxasındakı real təhlükəni görmək və cəmiyyət olaraq maariflənmək hər birimizin borcudur. Çünki ən düzgün və sağlam seçim, bu dumanlı tələyə heç addım atmamaqdır.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Cəmiyyət

Dənizdə 4 nəfər batdı, 3-ü xilas edildi: 13 yaşlı qız boğuldu

İyul 27, 2026
Cəmiyyət

Bakının bu qəsəbələrində qaz olmayacaq

İyul 27, 2026
Manşet

Əli Əsədov daha bir qərar imzaladı

İyul 24, 2026
Cəmiyyət

İyulun bütün sosial ödənişləri yekunlaşdırıldı

İyul 24, 2026
Cəmiyyət

8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 nəfər vəzifədən azad edilib

İyul 24, 2026
Gündəm

Zefer.media İnformasiya Portalının könüllüləri Milli Mətbuat Günü münasibətilə təltif olunublar

İyul 24, 2026

XƏBƏR LENTİ

Yunanıstan Çin onlayn ticarət platformalarının Avropadakı əsas bazarlarından biridir

27 İyul, 26 / 18:06

Səudiyyə İrana bağlı qruplaşmanın hücumlarını pislədi

27 İyul, 26 / 18:04

Netanyahu: “Trampla görüşün əsas mövzusu İran olacaq”

27 İyul, 26 / 18:02

Ukrayna İranın ittihamlarına cavab verib

27 İyul, 26 / 17:20

İran Fransanı daxili işlərə müdaxilədə ittiham edib

27 İyul, 26 / 17:18
The flag of Ukraine develops on a flagpole against a background of clear sky

Ukrayna Silahlı Qüvvələri Xerson bölgəsində Şahedlər üçün körpüyə və ötürücü stansiyaya zərbə endirib

27 İyul, 26 / 16:43

Əli Əsədov yeni qərar imzaladı

27 İyul, 26 / 16:22

Dənizdə 4 nəfər batdı, 3-ü xilas edildi: 13 yaşlı qız boğuldu

27 İyul, 26 / 16:21

İran Ərbilə hücum etdi

27 İyul, 26 / 16:16

“Hazırda ABŞ ilə heç bir danışıq aparmırıq”

27 İyul, 26 / 16:12

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.