Azərbaycanda gənc xanımların sağlamlıq mövzusunda maarifləndirilməsi, erkən profilaktika mədəniyyətinin formalaşdırılması və HİV/QİÇS-lə bağlı stereotiplərin aradan qaldırılması məqsədilə həyata keçirilən “Qadınlar və QİÇS: Sağlam Gələcək Naminə” layihəsi çərçivəsində iyunun 15-də gənc xanımlar üçün növbəti maarifləndirici görüş keçirilib.
Zefer.media xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və AIDS-lə Mübarizə İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə gənclər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin açılışında layihə rəhbəri Gülnar Nəsibli iştirakçıları salamlayaraq layihənin məqsədləri, görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib. O, layihənin əsas məqsədinin gənc qadınlar arasında HİV/QİÇS haqqında məlumatlılığın artırılması, sağlam həyat tərzinin təşviqi və erkən diaqnostikanın əhəmiyyətinin təbliği olduğunu bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Murad Həsənxanlı gənclərin sağlamlıqla bağlı düzgün və elmi əsaslara söykənən məlumatlarla maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə həyata keçirilən təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edib.
Təlimin əsas məruzəçisi, Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun həkim-infeksionisti Arzu Pənahova HİV infeksiyasının yaranma səbəbləri, yoluxma yolları, inkişaf mərhələləri və profilaktikası barədə ətraflı məlumat verib. İştirakçıların sualları cavablandırılıb, HİV və QİÇS arasındakı fərqlər, müntəzəm tibbi müayinələrin və müasir müalicə imkanlarının əhəmiyyəti izah olunub.
Tədbirin digər hissəsində HİV-lə yaşayan şəxslərin qarşılaşdığı stiqma, ayrı-seçkilik, sosial təcrid və psixoloji çətinliklər müzakirə olunub. Pozitiv Psixologiya Mərkəzinin psixoloqu Elşən İsmayılov tərəfindən keçirilən psixoloji dəstək sessiyasında cəmiyyətin düzgün maarifləndirilməsinin və empatiyanın artırılmasının bu şəxslərin sosial inteqrasiyasına töhfəsi vurğulanıb.
İnteraktiv müzakirələr şəraitində keçən görüşdə iştirakçılar mövzu ilə bağlı fikirlərini bölüşüb, onları maraqlandıran suallara cavab alıblar. Tədbirin sonunda iştirakçılar adından çıxış edən Dövlət İdarəçilik Akademiyasının tələbəsi Fatimə Hüseynova layihənin gənclər üçün faydalı olduğunu qeyd edərək təşkilatçılara təşəkkürünü bildirib.
Layihə çərçivəsində müxtəlif yaş qruplarından olan qadın və gənc xanımlar üçün keçirilən maarifləndirici görüşlərdə HİV/QİÇS-in profilaktikası, sağlam həyat tərzi, psixoloji dəstək və sosial inteqrasiya mövzularına xüsusi diqqət yetirilir.
Görüşün sonunda iştirakçılara maarifləndirici materiallar və bukletlər təqdim olunub, xatirə fotosu çəkilib. Layihənin əsas məqsədi cəmiyyətdə sağlamlıq mədəniyyətinin formalaşdırılmasına, HİV/QİÇS-lə bağlı yanlış təsəvvürlərin aradan qaldırılmasına və ayrı-seçkiliyin azaldılmasına töhfə verməkdir.


















