Pakistanın daxili işlər naziri Möhsin Nəqvi aprelin 23-ü İrandan gərginliyin azaldılması səylərində irəliləyiş gözlədiyini bildirib.
Zefer.media xəbər verir ki, bu ölkənin Daxili İşlər Nazirliyinin “X” sosial media platformasında məlumatı paylaşılıb.
Bildirilib ki, Nəqvinin həmin sözləri İslamabadda ABŞ-nin müvəqqəti işlər vəkili Natali Beyker ilə görüş əsnasında səsləndirilib.
Tərəflər regional vəziyyəti və İslamabad danışıqlarının çoxdan gözlənilən ikinci raundu üçün həyata keçirilən diplomatik səyləri müzakirə ediblər.
Nəqvi ifadə edib ki, ABŞ Prezidenti Donald Trampın atəşkəsin müddətini uzatması gərginliyin azaldılması istiqamətində “müsbət inkişafdır”. O əlavə edib: “Biz, həmçinin İran tərəfindən irəliləyiş gözləyirik”.
Pakistanın naziri vurğulayıb ki, Baş nazir Şahbaz Şərif və ordu rəisi feldmarşal Asim Munir davamlı bir həll yoluna çatmaq üçün bütün səyləri göstərirlər.
“Ümidvarıq ki, bütün tərəflər diplomatiyaya və dinc həll yoluna şans verəcəklər”- o vurğulayıb.
Zərintac Mayisqızı

















