Bu səhər erkən saatlarda Tehran, Təbriz, Urmiya və Kərəc şəhərlərində partlayış səslərinin eşidildiyi bildirilib.
Zefer.media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Təbrizdə saat 04:40 radələrində Montazeri məhəlləsində yerləşən SEPAH-ın hərbi bazası istiqamətindən güclü partlayış səsi eşidilib.
Urmiyada isə sakinlər bir neçə partlayış səsi və bəzi ərazilərdə binaların titrəməsi barədə məlumat veriblər.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, ölkənin Hərbi Hava Qüvvələri İranın qərb və mərkəzi hissələrində yerləşən hərbi hədəflərə də zərbələr endirib.
Qeyd olunur ki, hücumlar İsrailin əməliyyatları təxirə salmağa razı olması barədə xəbərlərə baxmayaraq həyata keçirilib.
Bildirilir ki, İsfahanda həyata keçirilən hücumlardan biri pilotsuz uçuş aparatlarının istehsalı ilə əlaqəli obyekti və digər hərbi obyektləri hədəfə alıb. Eyni zamanda, Xuzistan əyalətinin Mahşəhr bölgəsində neft-kimya zavodunda yanğın baş verib.
Məlumata görə, zərbələr zamanı raketlər İraq hava məkanından və Aralıq dənizində yerləşən hərbi gəmilərdən buraxılıb.

Zərintac Mayisqızı

















