Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında BƏƏ və region ölkələri haqqında açıqlama verib.
Zefer.media xəbər verir ki, o İranın bölgədə heç bir ölkə ilə düşmənçilik istəmədiyini və “daimi qonşuluq münasibətlərinin” tərəfdarı olduğunu deyib.
Ancaq Bəqayi region ölkələrini “xarici aktorların bölgədə nifaq salmaq cəhdlərinə qarşı diqqətli olmağa” çağırıb.
Xüsusilə BƏƏ-ni nəzərdə tutan sözçü qeyd edib ki, son 2–3 ayın hadisələri ölkələr üçün “dərs olmalıdır” və ABŞ ilə İsrailin bölgədəki hərbi mövcudluğu təhlükəsizlik yaratmır, əksinə riskləri artırır.
Bəqayi bəzi ölkələrin öz ərazilərini “təcavüzkar tərəflərin istifadəsinə verməsini” tənqid edib və buna dair narahatlığını ifadə edib.
O, vurğulayıb ki, bölgədə davamlı təhlükəsizlik yalnız region ölkələri arasında etimadın qurulması və daxili təhlükəsizlik mexanizminin yaradılması ilə mümkündür.
Zərintac Mayisqızı















