Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı “X” hesabında İsveçrənin Lüsern şəhərində keçirilən danışıqların yekunlarına dair açıqlama verib.
Zefer.media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Əraqçı bildirib ki, Pakistan və Qətərin “yorulmaz vasitəçilik səyləri” nəticəsində Livandakı müharibənin sona çatdırılması istiqamətində mühüm irəliləyiş əldə olunub.
Onun sözlərinə görə, əldə edilən razılaşmalar çərçivəsində İranın neft və neft-kimya məhsullarının ixracına qarşı tətbiq olunan sanksiyaların dayandırılması, dəniz blokadasının aradan qaldırılması və ölkənin dondurulmuş aktivlərinin bir hissəsinin açılması ilə bağlı addımlar razılaşdırılıb.
Əraqçı qeyd edib ki, əldə olunan razılaşmaların ilk praktik sınağı Livandakı münaqişələrin həlli üçün nəzərdə tutulan mexanizmin fəaliyyəti olacaq.
Bu arada “Tasnim News” agentliyi Qətər və Pakistanın birgə bəyanatına istinadən bildirib ki, İsveçrənin Burgenstok şəhərində İran və ABŞ nümayəndələri arasında keçirilən danışıqların birinci mərhələsi başa çatıb.
Pakistan və Qətərin vasitəçiliyi ilə keçirilən görüşlərin atmosferi bəyanatda “konstruktiv”, əldə olunan nəticələr isə “həvəsləndirici irəliləyiş” kimi qiymətləndirilib.
Məlumata görə, tərəflər siyasi nəzarəti həyata keçirəcək yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəliblər. Bildirilir ki, bu komitə nüvə proqramı, sanksiyalar, monitorinq və mübahisələrin həlli ilə bağlı fəaliyyət göstərəcək işçi qruplarının işinə nəzarət edəcək və onlardan mütəmadi hesabat alacaq.
Bəyanata əsasən, tərəflər 60 gün ərzində yekun razılığa nail olmaq üçün yol xəritəsi üzərində də anlaşma əldə ediblər. Bu qərarın texniki danışıqların dərhal başlamasına imkan yaratdığı qeyd olunur.
Zərintac Mayisqızı

















