Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında İsveçrədə keçirilən İran–ABŞ danışıqlarının gedişatı ilə bağlı yeni təfərrüatları açıqlayıb.
Zefer.media xəbər verir ki, o, İran, ABŞ və iki vasitəçi ölkənin iştirakı ilə keçirilən dördtərəfli görüşün saat (Bakı vaxtı ilə) 15:30-da başladığını və təxminən bir saat yarım davam etdiyini deyib.
Bəqayi bildirib ki, tərəflər görüşün yarım saatlıq fasilədən sonra davam etdirilməsi barədə razılığa gəlsələr də, bu müddətdə ABŞ rəsmilərinin təhdid xarakterli açıqlamaları ilə qarşılaşıblar.
“Bundan sonra dördtərəfli görüş yenidən çağırılmadı və müzakirələr vasitəçilər üzərindən mesaj mübadiləsi formatında davam etdi”, – deyə o qeyd edib.
Sözçü əlavə edib ki, Tehran milli maraqlarını müdafiə etmək və məqsədlərini irəli aparmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə davam edəcək və bu mərhələdə vasitəçilər üzərindən mesaj mübadiləsini məqsədəuyğun hesab edib.
Zərintac Mayisqızı
















