İmtahanlara hazırlıq dövründə abituriyentlərin bir qismi həddindən artıq həyəcan, narahatlıq keçirir, nə qədər oxusalar da özünəinamları aşağı olur.
Müşahidələr onu göstərir ki, stresini idarə edə bilməyən çox sayda gənc nəticədə ona məğlub olur, imtahan suallarında xeyli səhvlərə yol verir və hətta kəsilirlər. Belə psixoloji məsələlər ucbatından pis keçən imtahan sonrası da iradələri, güvənləri zəifləyərək və lazımi dəstək almayaraq təəssüflər olsun ki, ciddi şəkildə yalnış addımlar ata bilirlər. Ailələri də onların üstlərinə düşdükdə xoşagəlməz vəziyyətlər baş verir, statistikalara əsasən canlarına qıyanlar da az olmayıb. Əlbəttə sözügedən durumlar yaşanmamalıdır. Yeniyetmə və gəncləri qorumaq, uğursuzluq anlarında belə motivasiya etmək gərəklidir. Təbii ki, həyatın sonu deyil.
Zefer.media–ya açıqlama verən psixoloq Gövhər Məmmədova məsələyə münasibət bildirərək deyib ki, uşaqların keçid yaş dövründə böyük məsuliyyət tələb edən imtahandan keçməsi onlar üçün həyatlarının geri qalanını həll edəcək tək vasitənin imtahandan yüksək nəticə ilə keçmək olduğunu düşünməyə gətirib çıxarır:
“Əlbəttə ki, buna səbəb olan bir çox nüans vardır ki, nümunə olaraq dərs yükünün artmasından qaynaqlanan stress, valideyn, qonşu, qohum, müəllimlərin etdiyi psixoloji basqı, təzyiqi göstərə bilərik. İmtahanda qeyd edəcəyi cavabları, qarşısına çıxacaq sualları, mövzuları düşünmək əvəzinə “Anam-atam məndən yüksək nəticə gözləyir”, “sinifdə biabır ola bilərəm”, “növbəti sinfə keçə bilmərəm”, “yoldaşlarımı itirərəm” və s. bu kimi stressini daha da artıracaq fikirlər ilə məşğul olur. Anlamalıyıq ki, həmin düşüncələr öz-özünə formalaşmır, nəticədə uşaqlar imtahan vaxtı düzgün bildiyi suallara belə cavab verə bilmir”.

Psixoloq habelə vurğulayıb ki, öncə valideyn olaraq övladımıza dəstək olmalıyıq:
“Əsla imtahan sonrası üçün qorxu doğuracaq sözlərdən istifadə etməməliyik, uşağımızın düzgün qidalanmasına, istirahətinə, yuxu rejiminə diqqət yetirməli, imkan daxilində dərslərinə maneə olmayacaq şəkildə əylənməsini də təmin etməsinə yardımçı olmalıyıq. Müəllimlərimizin diqqət etməli olduğu mövzu şagirdlərə öz məsuliyyətlərini yükləməməkdir, əksinə məktəblilərin rahatlaması üçün zaman-zaman fərqli dərs üsullarından istifadə edilməlidir. Əlavə olaraq qeyd edə bilərəm ki, hər yaşda inam duyğusu çox vacibdir.
Lakin güvən, keçid dövrlərində ikiqat önəm daşıyır. Valideynlərinin, müəlliminin ona güvəndiyini, hər zaman yanında olduğunu bilən abituriyent özünü daha yaxşı hiss edir və qarşısına çıxan çətinlikləri qorxmadan keçməyə çalışır. Əgər siz övladınız üçün ən yaxşısını etdiyiniz halda problem olduğunu düşünürsünüzsə, imtahan stresinin heç cürə qarşısını ala bilmirsinizsə, uşağınız üçün psixoloji dəstək almanız məsləhət görülür.
Təhsil üzrə ekspert Elçin Əfəndi isə qeyd edib ki, gənclər imtahan ərəfələrində çətinlik çəkdikləri mövzuları çox oxusunlar:
“Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 24 may tarixində 2 və 3-cü qruplar üçün, iyunun 7-də isə 1 və 4-cü qruplarda imtahan keçiriləcək. Abituriyentlər imtahan günləri yaxınlaşdıqca həddindən artıq həyəcana girirlər. Həmin gərginlik, təşviş, stress şübhəsiz imtahanlarda özünü büruzə verə və səhvlər edə bilirlər. Ona görə də əsasən imtahan ərəfələrində çətinlik çəkdikləri mövzulara maksimum diqqət yetirsinlər. Həmçinin, imtahan günündən 1 gün əvvəl həm bədən sərbəstliklərini qorumalı, eyni zamanda qidalanmaya düzgün fikir verməlidirlər ki, imtahanda onları narahat edən hallara düşməsinlər. Hesab edirəm ki, abituriyentlər bu il xüsusilə 2 və 3-cü ixtisas qruplarında müsabiqəyə qatılanlar çox olduğuna görə sualları cavablandırarkən daha ehtiyatlı, məntiqli olmalıdırlar, rəqabət yüksəkdir. İmtahan suallarına nəzər saldıqda isə sıralama belə olmalıdır: Əvvəlcə asan fənlərdən başlasınlar, sonra orta və sonda çətinlərə baxmalıdırlar”.

Bütün abituriyentlərə müvəffəqiyyətlər arzulayırıq, öz hədəflərini böyük əzm və iradə ilə gerçək etməyi bacarsınlar. Nailiyyət qazanmadıqları dönəmlərdə isə ruhdan düşməsinlər, daim irəli baxmaq, dayanmadan, yenidən hazırlaşmaq lazımdır…

Zərintac Mayisqızı

















