Ermənistan və Litva strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar.
Zefer.media xəbər verir ki, buna dair Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda litvalı həmkarı Kestutis Budrys ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Budrisin səfəri simvolik bir vaxtda – diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunduğu ildə baş tutub.
“Məhz bu dövrdə, əvvəlki əməkdaşlıq təcrübəmizə əsaslanaraq, əməkdaşlığımızın səviyyəsini yüksəldən bir sənəd imzalaya bildik. Bu andan etibarən Ermənistan və Litva strateji tərəfdaşlardır”, – deyə Mirzoyan vurğulayıb.
O deyib ki, həmin format ixtisaslaşmış əməkdaşlığa daha əhatəli yanaşmağa imkan verəcək.
Tərəflər iqtisadi sahədə, o cümlədən informasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, İrəvan əvvəllər Fransa və Bolqarıstanla strateji tərəfdaşlıq haqqında bəyannamələr imzalayıb.
Zərintac Mayisqızı















