Qadınların hüquqları və gender bərabərliyi cəmiyyətin inkişaf səviyyəsini göstərən əsas meyarlardan biridir. Müasir dövrdə qadınların təhsil almaq, işləmək və sərbəst seçim etmək hüquqları qanunla qorunsa da, reallıqda bir çox qadın hələ də müxtəlif maneələrlə üzləşir, haqları tapdalanır, onlara bir çoxları ikinci dərəcəli kimi yanaşır.
Xüsusilə regionlarda erkən nikah, ailə təzyiqi və köhnə stereotiplər qadınların həyatına ciddi təsir göstərir. Bəzən hüquqlar kağız üzərində mövcud olsa da, onların praktikada tətbiqi eyni olmur. Bu isə qadınların cəmiyyətdə bərabər imkanlardan istifadə etməsi məsələsini yenidən gündəmə gətirir.
Mövzunun sosial tərəflərini daha dərindən anlamaq üçün məsələyə ilk olaraq sosioloji baxımdan yanaşmaq vacibdir. Çünki gender bərabərsizliyi və erkən nikah təkcə fərdi ailə qərarı deyil, həm də cəmiyyətin formalaşdırdığı sosial münasibətlərin nəticəsidir.
Sosioloq Naib Niftəliyev Zefer.media-ya müsahibəsi zamanı bildirib ki, gender bərabərliyi və qadın hüquqları ilə bağlı problemlər yalnız regionlara xas deyil, ümumilikdə ölkə üzrə müşahidə olunan sosial məsələdir. Onun sözlərinə görə, şəhər və kənd, mərkəz və regionlar arasında müəyyən fərqlər olsa da, bu sahədə kəskin uçurumdan danışmaq düzgün olmaz.

Mütəxəssis qeyd edir ki, ucqar bölgələrdə ənənəvi düşüncə tərzi və sosial maneələr daha çox hiss olunur. Lakin texnologiyanın inkişafı, informasiya əlçatanlığının artması və dövlət nəzarət mexanizmlərinin güclənməsi bu problemlərin bir qismini zəiflədib.
Onun fikrincə, erkən nikah əvvəlki dövrlərlə müqayisədə artıq kütləvi problem kimi qiymətləndirilmir. Çünki belə hallar aşkarlandıqda hüquq-mühafizə orqanları və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal müdaxilə edir, məsələ ictimailəşdirilir.
Bununla belə, Naib Niftəliyev vurğulayır ki, erkən nikah hallarının tam aradan qalxmadığını da nəzərə almaq lazımdır. İşsizlik, aşağı gəlir səviyyəsi və sosial çətinliklər bəzi ailələrdə bu meyli artırır. Bəzi hallarda erkən evlilik sosial norma kimi qəbul edilir və “problemlərin həlli” kimi görülür.
Məsələnin hüquqi tərəfi isə ayrıca diqqət tələb edir. Hüquqşünas Əkrəm Həsənov qeyd edir ki, erkən nikah anlayışı ilə cinsi münasibətlər eyni hüquqi məna daşımır və qanunvericilikdə fərqli şəkildə tənzimlənir.
Onun sözlərinə görə, Azərbaycan Cinayət Məcəlləsinə əsasən 16 yaşına çatmayan şəxslə cinsi əlaqə cinayət hesab olunur. Lakin erkən nikah hallarında əsas hüquqi məsələ məcburetmə və sübut problemidir. Şəxsin zorla evliliyə cəlb edilməsi sübuta yetirilməlidir, əks halda hüquqi proses çətinləşir.

Hüquqşünas vurğulayıb ki, erkən nikahların çoxu rəsmi qeydiyyatsız baş verdiyi üçün onların aşkarlanması və sübut olunması mürəkkəbdir. Bu səbəbdən problemin qarşısının alınmasında yalnız hüquqi deyil, həm də sosial yanaşma vacibdir.
Məsələnin hüquqi çərçivəsi ilə yanaşı, onun psixoloji təsirləri də mühüm, xüsusi diqqət çəkir. Bu baxımdan klinik psixoloq Rövşən Nəcəfov bildirir ki, erkən nikah həm fiziki, həm də psixoloji baxımdan ciddi problemlərə səbəb olur.
O deyib ki, erkən yaşda ailə quran şəxslərin bir çoxu daxildə ciddi psixoloji gərginlik yaşayır. Kənardan hər şey normal görünsə də, psixoloji hazırlığı olmayan insanın özünü xoşbəxt hiss etməsi çox vaxt mümkün olmur.

Psixoloq ifadə edib ki, erkən nikah qızlarda depressiya, təşviş, özgüvən itkisi və sosial təcrid kimi problemlərə səbəb ola bilər. Erkən yaşda valideynlik isə həm ana, həm də uşağın sağlamlığı üçün ciddi risklər yaradır.
Onun fikrincə, bu dövrdə təhsil və şəxsi inkişaf əvəzinə ağır məsuliyyətlərin yüklənməsi gələcəkdə dərin psixoloji travmaların yaranmasına səbəb olur.
Beləliklə, erkən nikah problemi yalnız sosial və ya hüquqi məsələ deyil, eyni zamanda ciddi psixoloji nəticələr doğuran kompleks bir fenomendir. Bu problemin həlli üçün yalnız qanunvericilik deyil, həm də maarifləndirmə, təhsil imkanlarının artırılması və stereotiplərin dəyişdirilməsi vacib rol oynayır.

Aytən Yalçınqızı
















