Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Maliyyə Mərkəzində keçirilən 3-cü Dünya İslam İqtisadi Zirvəsində çıxış edib.
Zefer.media xəbər verir ki, çıxışına İstanbulun qitələri, mədəniyyətləri və qəlbləri birləşdirən “müqəddəs” bir şəhər olduğunu vurğulayaraq başlayan Ərdoğan, sammit münasibətilə müxtəlif ölkələrdən qonaqları qəbul etməkdən məmnun olduğunu bildirib.
Zirvə toplantısı çərçivəsində keçirilən panellərin, sessiyaların və tədbirlərin əhəmiyyətini vurğulayan Türkiyə lideri deyib:
“Ümid edirəm ki, burada edilən tapıntılar və diaqnozlar, irəli sürülən təkliflər və tənqidlər ölkələrimiz, İslam dünyası və bütün bəşəriyyət üçün faydalı olacaq”.
Siyasətçi vurğulayıb ki, iqtisadi və maliyyə sahələrində qlobal böhran dövrünü yaşayırıq, inkişaf səviyyəsindən asılı olmayaraq, belə demək mümkünsə, hər bir ölkədə sarsıntılar hiss edilir:
“Burada sizinlə narahatedici bir rəqəmi bölüşmək istəyirəm. Beynəlxalq Maliyyə İnstitutu tərəfindən bu yaxınlarda dərc edilmiş bir hesabatda qlobal borcun 2026-cı ilin birinci rübündə 350 trilyon dollara çatdığı göstərilir. Sözügedən borc yükünün davamlılığı qlobal iqtisadiyyatın gələcəyi üçün cavablandırılması lazımi ciddi bir sualdır. Bunu açıq şəkildə bildirməliyəm: Cərrahiyyə tələb edən xəstəlikləri sarğılarla müalicə etmək olmaz.
Təəssüf ki, mövcud qlobal sistem son 20 ildə bir çox fürsəti məsuliyyətsiz şəkildə boşa verib. 2008-ci il böhranının kök səbəblərini həll etmək əvəzinə, borc və faiz əsaslı qlobal maliyyə arxitekturası problemi palliativ tədbirlərlə ört-basdır etməyi seçib. Bu gün hamımız həmin həqiqəti görə bilərik: Maliyyə böhranlarının qarşısını ədalət, etika, istehsal və ədalətli bölgü prinsiplərinə əsaslanan iqtisadi və maliyyə paradiqmasına keçmədən almaq olmaz. Sistemin özündən qaynaqlanan adıçəkilən problemlər həll edilməzsə, eyni problemləri fərqli fasilələrlə yaşamaqdan qaça bilməyəcəyik”.
Zərintac Mayisqızı

















