Günümüzdə gənclərin əksəriyyəti evlənmək üçün maddiyyatın daha önəmli olduğunu düşünür. Hətta bu səbəblərdən boşananlar da az deyil. Belə yanaşma isə müxtəlif səbəblərdən irəli gəlir.
Sosioloq Naib Niftəliyev Zefer.media-ya açıqlamasında deyib ki, istənilən halda sosial-iqtisadi faktorlar ailə həyatında birbaşa rol oynayır:
“Keçmişlə müqayisədə indi birgə maddi çətinliklərə niyə sinə gərilməməsi, maddi səbəblərin ailənin dağılmasına belə gətirib çıxarması məsələləri biz hər tərəfli qiymətləndirmə aparmaya sövq edir. Burada həm qlobal təsirlər, digər tərəfdən komfort həyat qurmaq istəyi, 3-cü məqam isə psixoloji cəhətdən əsasən azad olma istəyi, məsuliyyət, empatiya kimi hislərin zəifləməsidir. Təbii ki, gənclərin əhəmiyyətli bir qismi anlayışlıdır, evlənməyə çalışırlar. Bəziləri mental dəyərlər baxımından tanıdıqları bəyəndikləri insanları seçirlər. Bir çoxları da xarici vətəndaşlarla ailə qururlar, yəni qarışıq nikahlara rast gəlirik. Bəli dövr dəyişdikcə bu cür hallar artır”.

Sosioloq vurğulayıb ki, çoxları yaxşı yaşamaq istəyir:
“Elələri də var ki, qarşı tərəfdən maddi, iqtisadi cəhətdən faydalanmağa cəhd göstərir. Korporativ maraqlar əsasında da evlənənlər kifayət qədərdir. 10 gəncdən 8 -ə sual versək pulu üstün tutacaq. Bütün bunlarla əlaqədar maarifləndirmə aparılmalı, aidiyyatı qurumlar xüsusi layihələr hazırlamalıdırlar. Məsələ hərtərəfli işlənməlidir. İnsanları qınamaq düzgün deyil, doğru araşdırma aparmaq lazımdır”.
Zərintac Mayisqızı

















