Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyevin növbəti döyüşü 2027-ci il yanvarın 16-da ABŞ-ın Dallas şəhərində baş tuta bilər.
Zefer.media “İdman.Biz”in “AgentMMA”ya istinadən yaydığı məlumata görə xəbər verir ki , UFC Fight Night turniri üçün mümkün döyüş variantlarından biri Fiziyevlə fransalı Salahdine Parnasse arasında qarşılaşmadır.
Turnirin yanvarın 16-da Dallas şəhərindəki “American Airlines Center”də keçirilməsi planlaşdırılır. Bununla belə, Fiziyevlə Parnasse arasında döyüşün təşkili ilə bağlı təklif hələlik qeyri-rəsmi xarakter daşıyır. Tərəflər arasında danışıqların aparıldığı və ya razılıq əldə olunduğu barədə məlumat yoxdur.
Qeyd edək ki, Parnasse əvvəllər Polşanın KSW təşkilatında yüngül və yarımyüngül çəki dərəcələrində çempion olub. O, bu ilin sentyabrında UFC-də debüt edərək yeni zelandiyalı Den Hukeri ilk raundda texniki nokautla məğlub edib.
Fiziyev sonuncu döyüşünü iyunun 27-də Bakıda keçirilən UFC turnirində keçirib və meksikalı Manuel Torresi ikinci raundda nokautla məğlub edib.
Hazırda azərbaycanlı döyüşçü UFC-nin media reytinqində 11-ci, alternativ “Meta UFC Rankings” reytinqində isə 13-cü yerdə qərarlaşıb. Parnasse isə media reytinqində 9-cu sıradadır.
Aytən Yalçınqızı




