Azərbaycanın Milli Qəhrəmanı Ehtiram İsrayıl oğlu Əliyevin səhhətinin kəskin pisləşməsi və həyatının ciddi təhlükə altında olması ilə əlaqədar Azərbaycanın 13 nəfər sağ Milli Qəhrəmanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət edib.
Müraciətdə Milli Qəhrəman Ehtiram Əliyevin hazırkı sağlamlıq vəziyyətindən ciddi narahatlıq ifadə olunub, onun müalicəsinin şəxsən dövlət başçısının xüsusi nəzarətinə götürülməsi xahiş edilib.
Ailəsinin verdiyi məlumata əsasən, Ehtiram Əliyev səhhətində yaranmış ciddi problemlərlə əlaqədar əvvəlcə “Yeni Klinika”ya yerləşdirilib, vəziyyətinin ağırlaşması səbəbindən reanimasiya şöbəsinə köçürülüb. Aparılan müayinələr zamanı xəstəliyin əsas səbəbi müəyyən edilmədiyindən sonradan Milli Onkologiya Mərkəzinə göndərilib. Hazırda onun reanimasiya şəraitində müalicəsinin davam etdirildiyi bildirilir.
Müraciətdə vurğulanıb ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə böyük igidlik və fədakarlıq göstərmiş Ehtiram Əliyev Vətən qarşısındakı xidmətlərinə görə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Milli Qəhrəmanlar dövlət başçısından onun həyatının xilas edilməsi üçün bütün zəruri tibbi imkanların səfərbər olunmasını, yüksək ixtisaslı həkim-mütəxəssislərin prosesə cəlb edilməsini, sağlamlıq vəziyyətinin hərtərəfli qiymətləndirilməsini və müalicəsinin ən yüksək səviyyədə təşkilini xahiş ediblər.
Bununla yanaşı, tibbi göstərişlər əsasında zərurət yaranacağı təqdirdə Ehtiram Əliyevin daha geniş müalicə imkanlarına malik ixtisaslaşmış tibb müəssisəsinə köçürülməsi, müasir müayinə və müalicə üsullarından istifadə olunması, ailəsinin zəruri diqqət və qayğı ilə əhatə edilməsi də müraciətdə yer alan əsas tələblərdəndir.
Eyni zamanda, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi adından Prezident Administrasiyasının rəhbərliyinə, Prezidentin köməkçilərinə, Administrasiyanın müvafiq şöbə müdirlərinə və digər yüksək vəzifəli şəxslərə də ayrıca müraciət ünvanlanıb.
Birliyin İdarə Heyətinin sədri Elşən Uluxanlının imzası ilə göndərilən müraciətdə ümumilikdə 28 vəzifəli şəxsdən Ehtiram Əliyevin səhhətinin ağır olması və həyatının təhlükə altında qalması barədə məlumatın təxirəsalınmadan Prezident İlham Əliyevə çatdırılmasına köməklik göstərilməsi xahiş olunub.
Sənəddə xüsusi olaraq qeyd edilib ki, müraciətin məqsədi hər hansı tibb müəssisəsinin və ya tibb işçisinin fəaliyyətinə qiymət vermək deyil. Əsas məqsəd Milli Qəhrəmanın həyatının qorunması üçün tibbi baxımdan mümkün olan bütün tədbirlərin vaxtında həyata keçirilməsinə nail olmaqdır.
Müraciət müəllifləri bildiriblər ki, Vətən uğrunda həyatını təhlükəyə atmış qəhrəmana göstərilən ehtiram yalnız onun keçmiş xidmətlərini xatırlamaqla məhdudlaşmamalı, xüsusilə həyatının təhlükə altında olduğu ağır günlərdə ona dəstək göstərilməlidir.
Azərbaycanın sağ Milli Qəhrəmanları və Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi dövlət başçısının və aidiyyəti qurumların müraciətlərə həssaslıqla yanaşacağına, Ehtiram Əliyevin həyatının xilas edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə dəstək göstərəcəklərinə ümid etdiklərini bildiriblər.
















