Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran dünyaya yeni müharibənin qaliblərinin deyil, yeni sülhün qurucularının lazım olduğunu bildirib.
Zefer.media TRT Haber-ə istinadən xəbər verir ki, Duran bu fikirləri İstanbul Konqres Mərkəzində “Mərkəzsiz dünya: Qaydalar etibarsız olduqda kim liderlik edir?” mövzusunda keçirilən TRT World Forumunun açılış mərasimində səsləndirib.
“Dünyanın ehtiyacı yeni müharibənin qalibləri deyil, yeni sülhün qurucularıdır. Keçmişdə böyük müharibədən sonra həyata keçirilən institusional yenilənməni bu gün sülh şəraitində reallaşdırmaq dövrümüzün ən mühüm siyasi sınağıdır”, – deyə o bildirib.
Duranın sözlərinə görə, beynəlxalq sistem dərin geosiyasi dəyişiklik və struktur böhranı yaşayır. Güc mərkəzləri çoxaldıqca ortaq qaydalar zəifləyir, qlobal rəqabət sərtləşir, ümumi məsuliyyət hissi isə azalır.
O qeyd edib ki, mövcud şəraitdə sülhün imkanları daralır, ənənəvi müharibə riskləri və proksi münaqişələr artır. Süni intellekt və rəqəmsal texnologiyalar üzərində nəzarət uğrunda rəqabət yeni güc münasibətləri formalaşdırır. Duran texnologiyanın hökmranlıq vasitəsinə çevrilməsi riskinin də artdığını vurğulayıb.
Aytən Yalçınqızı

















