ABŞ və İran arasında aparılan danışıqlar nəticəsində tərəflər müvəqqəti çərçivə razılaşması əldə ediblər. Razılaşma 60 gün ərzində yekun sazişin hazırlanmasını, regionda gərginliyin azaldılmasını, Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsini və İranın nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsini nəzərdə tutur. Bununla belə, nüvə obyektlərinin yoxlanılması və sanksiyaların taleyi kimi əsas məsələlər üzrə yekun razılıq hələ əldə olunmayıb.
Bundan sonra hadisələrin gedişatının hansı formada irəliləyə biləcəyi ilə bağlı politoloq Tural İsmayılova suallar ünvanladıq.
O Zefer.media-ya açıqlamasında deyib ki, Vaşinqton və Tehran arasında nüvə proqramı ətrafında yaranmış çoxillik gərginliyin yaxın gələcəkdə tam və fundamental diplomatik həllini tapacağını gözləmək həddindən artıq nikbin yanaşma olardı.
“Lakin cari geosiyasi mənzərəni təhlil etdikdə, tərəflərin qlobal fəlakətdən qaçmaq üçün irimiqyaslı qarşıdurmanı taktiki və müvəqqəti konsensusla (atəşkəslə) əvəzləməyə meylli olduğu aydın görünür. Beynəlxalq münasibətlər sistemində mövcud olan reallıqlar yaxın perspektivdə böyük bir sülh sazişinin deyil, daha çox “gərginliyin idarəolunan səviyyədə saxlanılması” modelinin işləyəcəyini göstərir.
Bu kontekstdə diplomatik həll prosesinə mane olan və ya onu şərtləndirən fundamental faktorları bir neçə strateji istiqamətdə qruplaşdırmaq mümkündür:
Vaşinqton və Tehran arasında əldə olunan son qarşılıqlı anlaşma memorandumları (MoU) və İsveçrədə aparılan diplomatik danışıqlar göstərir ki, tərəflər kəskin hərbi eskalasiyadan və iqtisadi iflicdən yorulublar. ABŞ-ın İrana məxsus dondurulmuş aktivlərin bir qismini sərbəst buraxması, neft ixracına tətbiq edilən sanksiyaların müvəqqəti yumşaldılması müqabilində İranın Hörmüz boğazında naviqasiya təhlükəsizliyinə zəmanət verməsi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərini yenidən ölkəyə buraxmağa razı olması ümidverici siqnallardır. Lakin sözügedən addımlar strateji barışıqdan daha çox, tərəflərin öz daxili auditoriyalarını və iqtisadiyyatlarını sakitləşdirmək üçün götürdükləri 60 günlük “nəfəs dərirmə” (taktiki pauza) pəncərəsidir”, – politoloq qeyd edib.
Tural İsmayılovun sözlərinə görə, diplomatik böhranın fundamental səbəbləri hələ də masadadır və tərəflərin qırmızı xətləri bir-biri ilə kəskin ziddiyyət təşkil edir:
“Vaşinqton İranın uranın zənginləşdirilməsi proqramını tamamilə dondurmasını (sıfır zənginləşdirmə) və raket texnologiyalarını məhdudlaşdırmasını tələb edir. Tehran isə xüsusilə son hərbi zərbələrdən və strateji itkilərdən sonra, nüvə texnologiyasını özünün yeganə suverenlik və sağ qalma (survival) sığortası kimi görür və bu məsələdə ciddi geri addım atmaq niyyətində deyil. Sanksiyaların ləğvi və nüvə obyektlərinin yoxlanılması mexanizminin ardıcıllığı (hansı addımın birinci atılacağı) məsələsində tərəflər arasında hələ də dərin etibarsızlıq mövcuddur.
Nüvə proqramı artıq sadəcə ABŞ və İranın ikitərəfli problemi deyil. O Yaxın Şərqin regional təhlükəsizlik arxitekturası ilə birbaşa bağlıdır. İranın regiondakı proksi şəbəkəsi (“Müqavimət Oxu”) və İsrail ilə davam edən proksi/birbaşa müharibə dinamikası istənilən an diplomatik masanı devirə biləcək risk faktorudur. İsrail daxil olmaqla, regionun bəzi aparıcı aktorları Tehranın iqtisadi və diplomatik manevr imkanlarını genişləndirəcək hər hansı bir natamam sazişə qarşı kəskin müqavimət göstərirlər və bu sub-regional təzyiqlər Vaşinqtonun qərarvermə mexanizminə birbaşa təsir edir.
Nəticə etibarilə, yaxın zamanda tərəflər arasında kəskin hərbi toqquşma riskinin azaldılması və müvəqqəti iqtisadi-humanitar xarakterli sazişlərin imzalanması tamamilə realdır. Lakin nüvə probleminin birdəfəlik və fundamental səviyyədə, tam hüquqi diplomatik həllini tapacağını gözləmək hələlik tezdir; mövcud proses dayanıqlı sülhdən daha çox, böhranın diplomatik yollarla institusionallaşdırılması və zamana yayılması cəhdidir”
Zərintac Mayisqızı
















