İrana məxsus azad edilən aktivlər və vəsaitlər yalnız ABŞ-dən ərzaq və kənd təsərrüfatı məhsullarının alınması üçün istifadə olunacaq.
Zefer.media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
Tramp jurnalistlərə açıqlamasında qeyd edib ki, həmin mexanizm vasitəsilə vəsaitlər faktiki olaraq Amerika fermerlərinə geri qayıdacaq. O, 91 milyon əhalisi olan İranın ərzaq məhsullarına ciddi ehtiyac duyduğunu vurğulayıb.
Bununla yanaşı, İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemməti məsələ ilə bağlı fərqli mövqe sərgiləyib. O deyib ki, Tehran mövcud razılaşmalar çərçivəsində ABŞ-dən kənd təsərrüfatı və ərzaq məhsulları almağa məcbur deyil.
Hemməti ifadə edib ki, əgər Amerika məhsulları qiymət və keyfiyyət baxımından digər ölkələrin təkliflərindən daha uyğun olarsa, İran həmin məhsulları almaqda maraqlı ola bilər.
Bu arada İran xarici işlər nazirinin müavini Kazım Qəribəbadi bildirib ki, ABŞ və İran arasında dondurulmuş İran aktivlərinin 12 milyard dollarının azad olunması ilə bağlı əldə edilən razılaşma artıq əməliyyat mərhələsinə daxil olub.
Onun sözlərinə görə, vəsait iki mərhələdə, hər biri 6 milyard dollar olmaqla azad ediləcək.
Qəribəbadi qeyd edib ki, tərəflər Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin edəcək mexanizmi təsdiqləyiblər. Bundan əlavə, Pakistan və Qətərin iştirakı ilə Livandakı vəziyyətin izlənməsi və gərginliyin azaldılması məqsədilə xüsusi qrupun yaradılması barədə razılıq əldə olunub.
Onun sözlərinə görə, danışıqlar çərçivəsində dörd işçi qrupu formalaşdırılıb. Bu qruplar sanksiyaların aradan qaldırılması, nüvə məsələləri, yenidənqurma və iqtisadi inkişaf, eləcə də monitorinq və razılaşmaların icrası istiqamətlərində fəaliyyət göstərəcək.
Zərintac Mayisqızı















