Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türk Qızıl Aypara Cəmiyyətinin 158-ci ildönümü münasibətilə mesaj dərc edib.
Zefer.media xəbər verir ki, Ərdoğan mesajında bildirib:
“Nəcib millətimizin xeyirxahlıq, mərhəmət, şəfqət və həmrəylik kimi keyfiyyətlərinin simvolu olan Türk Qızıl Ayparası, sərhəd tanımayan fədakar və təsirli xidmətləri ilə bu sahədə dünyanın hörmətli təşkilatlarından biridir.”
Türkiyə lideri çətin şərtlərə baxmayaraq məzlumlara və qurbanlara kömək əli uzadan Türk Qızıl Ayparasının ehtiyacı olan hər kəsin yanında olduğunu, müharibələrin və təbii fəlakətlərin vurduğu yaraları sağaltdığını və bəşəriyyətin ümidi olduğunu vurğulayaraq əlavə edib:
“Bir daha qeyd etmək istəyirəm ki, ölkəmizi ən yaxşı şəkildə təmsil etməyə davam edəcəyinə inandığım Türk Qızıl Ayparası sülhə, əmin-amanlığa, qardaşlığa və dostluğa xidmət etməkdə gücünü millətimizin köməyindən və dəstəyindən alır. Təsis ildönümü münasibətilə bütün könüllülərini ən səmimi hisslərimlə salamlayır və hörmətli millətimizi bu hörmətli təşkilatı dəstəkləməyə çağırıram.”
Zərintac Mayisqızı
















