İranda bir qrup parlament üzvü ölkənin ali rəhbəri Müctəba Xameneiyə qitələrarası ballistik raketlərin hazırlanmasına icazə verilməsi ilə bağlı müraciət edib.
Zefer.media xəbər verir ki, bu barədə “Asr Iran” saytı məlumat yayıb.
Müraciəti ABŞ ilə münasibətlər və danışıqlara skeptik yanaşan 85 millət vəkili imzalayıb. Onların arasında keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki də yer alır.
Müraciətdə bildirilir ki, ABŞ ilə aparılan danışıqlar etibarsızdır və İranın müdafiə gücünün artırılması vacibdir. Deputatlar ölkənin raket proqramının genişləndirilməsinin zəruriliyini vurğulayaraq, müdafiə sənayesinin gücləndirilməsinə çağırış ediblər.
“Mərhum ali lider kimi biz də düşmənin vədlərinə inanmırıq. Raketlərimizin mənzili bir gün Xameneyinin qatillərinin ofisinə çatana qədər hərbi qüvvələrimizi və müdafiə sənayemizi dəstəkləyəcəyik”, – deyə, sənəddə vurğulanıb.
Zərintac Mayisqızı

















