İsraildə xidmət edən hərbi qulluqçuların anaları ölkənin Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamirə məktub ünvanlayaraq Livandakı quru əməliyyatlarının dərhal dayandırılmasını tələb ediblər.
Zefer.media “Associated Press” (AP) agentliyinə istinadən xəbər verir ki, təxminən 600 hərbi qulluqçunun valideynini birləşdirən “Döyüş Əsgərlərinin Valideynləri” qrupu ordunun siyasi rəhbərliyinin övladlarını təhlükəyə atdığını bildirib.
Məktubda vurğulanır ki, ordu öz övladlarını “qurban verməyə” hazır olan siyasətçilərdən əmrlər alır. Valideynlər Eyal Zamiri hərbi güc tətbiqi əvəzinə siyasi həll yoluna diqqət yetirməyə çağırıblar. Müraciətdə həmçinin itkilərə diqqət çəkilərək deyilir: “Livanda artıq dörd əsgərimiz həlak olub. Daha neçə nəfər öz həyatını boş yerə itirməlidir?!”
Valideynlərin bu etirazı İsrail cəmiyyətində müharibənin davam etdirilməsi ilə bağlı artan narahatlığın növbəti göstəricisi kimi qiymətləndirilir.
Aytən Yalçınqızı

















