Britaniya polkovniki Hamiş de Bretton-Qordon Rusiyada yeni səfərbərliyin Kreml hakimiyyəti üçün ciddi risk yarada biləcəyini bildirib.
Zefer.media “The Telegraph”dakı məqaləyə istinadən xəbər verir ki, polkovnikin fikrincə, indiyədək Ukraynadakı müharibənin əsas yükü Rusiyanın daha yoxsul regionlarının sakinlərinin, milli azlıqların, məhbusların və muzdlu döyüşçülərin üzərinə düşüb.
Onun qənaətinə görə, yeni səfərbərlik zamanı daha imkanlı ailələrdən yüz minlərlə kişinin cəbhəyə göndərilməsi müharibənin ilk dəfə geniş şəkildə Rusiyanın orta təbəqəsinə təsir göstərməsinə səbəb ola bilər.
De Bretton-Qordon bu vəziyyəti Sovet İttifaqının Əfqanıstan müharibəsi ilə müqayisə edib. Onun sözlərinə görə, həmin dövrdə cəbhədən əsgərlərin tabutlarda geri qayıtması cəmiyyətdə narazılığın artmasına səbəb olmuş və bu amil SSRİ-nin dağılmasına gətirib çıxaran proseslərdən biri kimi qiymətləndirilmişdi.
Polkovnik hesab edir ki, kütləvi səfərbərlik elan olunacağı təqdirdə müharibənin itkiləri indiyədək münaqişədən nisbətən uzaq qalan imkanlı rus ailələrinə də birbaşa təsir göstərə bilər.
O, bunun Kreml üçün ictimai narazılığın artması və hakimiyyətin sabitliyinin zəifləməsi baxımından ciddi problem yarada biləcəyini düşünür.
Aytən Yalçınqızı

















