Ermənistan Nazirlər Kabinetinin yeni proqramında “Qarabağ hərəkatı”nın məntiqi yoxdur.
Zefer.media xəbər verir ki, bunu həmin ölkənin Baş naziri Nikol Paşinyan hökumət iclasında 2026-2031-ci illər üçün Nazirlər Kabineti proqramını təqdim edərkən deyib.
“Orta və yaşlı nəsillərin demək olar ki, bütün erməni siyasi xadimləri və gənc nəslin bir çoxu “Qarabağ hərəkatı”nın ideologiyası ilə bağlıdır. Bu, hökumət rəsmilərinə də şamil edilib. Lakin son illərdə hökumət “illərdir bağlı qalan səhifələri yenidən oxumaq” qərarına gəlib. Bu yenidən düşünmə sülh gündəliyinin və əsl Ermənistanın formalaşmasına gətirib çıxarıb”, – deyə o bildirib.
Paşinyanın sözlərinə görə, oxşar mesaj Ermənistan ictimaiyyətindən də gəlib.
O əlavə edib ki, sülh gündəliyinə əsasən hökumət böhran idarəetməsindən adi idarəetməyə keçəcək və insan hüquqlarının gücləndirilməsinə, iqtisadi diplomatiyaya (bununla əlaqədar olaraq Xarici İşlər Nazirliyinin adı dəyişdirilərək Xarici İşlər və Xarici Ticarət Nazirliyi adlandırılacaq), süni intellektin yayılması ilə bağlı məsələlərə və səhiyyə problemlərinə daha çox diqqət yetirəcək.
Proqramın son hissəsində qeyd olunur ki, dövlət ideologiyasındakı dərin dəyişikliklər nəzərə alınmaqla, Üçüncü Respublikadan Dördüncü Respublikaya keçid elan edilə bilər.
Hökumət tərəfindən təsdiqləndikdən sonra 2026-2031-ci illər proqramı təsdiq üçün parlamentə təqdim ediləcək.
Zərintac Mayisqızı