Ukrayna və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib.
Zefer.media xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazovla keçirilən görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski və Azərbaycan Prezidenti İlham Əliyev arasında, eləcə də iyun ayında Bakıda iki ölkənin nümayəndə heyətləri arasında əldə edilmiş razılaşmaların icrası istiqamətində işlər davam etdirilib.
Şmıqalın sözlərinə görə, görüşdə enerji dayanıqlığının gücləndirilməsi, enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi, həmçinin nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub:
“Biz avadanlıq ehtiyatları, onların çatdırılması üçün logistika, standartlaşdırma və birgə istehsal sahələrində əməkdaşlıq təklif etmişik. Pərviz Şahbazov da Ukraynanın bərpaolunan enerji sahəsində texnoloji nailiyyətlərini qeyd edib”.
Ukraynalı nazir xatırladıb ki, ötən il “Naftoqaz” və SOCAR şirkətləri Azərbaycan qazının Ukraynaya ilk tədarükünü həyata keçiriblər:
“Növbəti vəzifə şirkətlərimiz arasında müntəzəm kommersiya əlaqələrinin qurulması və uzunmüddətli müqavilələrin bağlanmasıdır. Biz həmçinin təbii qazın Ukraynanın yeraltı qaz anbarlarında saxlanılması imkanını təklif edirik”.
Görüşdə Qara dəniz və Xəzər dənizi arasında mövcud nəqliyyat marşrutlarının inkişafı ilə yanaşı, gələcək üçün yeni marşrutların hazırlanması məsələləri də müzakirə olunub. Şmıqal bildirib ki, bu istiqamətdə işlərə indidən başlamaq lazımdır. Tərəflər sözügedən sahədə səylərin artırılması barədə razılığa gəliblər.
Bundan əlavə, Ukraynanın bərpası və modernləşdirilməsi istiqamətində işlər aparılır. Bu çərçivədə Azərbaycan şirkətlərinin kritik infrastrukturun, energetika sektorunun, sənaye və sosial obyektlərin yenidən qurulmasına cəlb edilməsi nəzərdə tutulur.
İclasın yekununda komissiya birgə Fəaliyyət Planını təsdiqləyib və növbəti iclasın Bakıda keçirilməsi barədə razılığa gəlib.
“Ukrayna Azərbaycanın dəstəyini yüksək qiymətləndirir. Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına, Energetika Nazirliyinə, Azərbaycan şirkətlərinə və birgə səylərimizə töhfə verən hər kəsə təşəkkürümü bildirirəm”, – deyə Şmıqal qeyd edib.

















