ABŞ-nin tətbiq etdiyi sanksiyalar, təbii fəlakətlər və ağır vəziyyətdə olan Milli Elektrik Sistemi (SEN) ölkənin elektrik enerjisi təchizatına ciddi təzyiq göstərdiyindən Venesuelada elektrik enerjisinin kəsilməsi, gərginliyin kəskin dəyişməsi və növbəli elektrik məhdudiyyətləri gündəlik həyatın bir hissəsinə çevrilib.
Bu barədə Zefer.media Xinhua Agentliyinə istinadən xəbər verir.
“Bizim evdə hər gün işıq sönür”, — mərkəzi Araqua ştatının paytaxtı Marakay şəhərində yaşayan qrafik dizayner Janis Monasterios deyib. “Dünən işdən qayıtdıqdan sonra axşam saat 7-dən gecə yarısına qədər elektrik enerjisi yox idi”.
Monasterios üçün əsas problem elektrik enerjisinin kəsilməsi deyil, bunun nə vaxt baş verəcəyinin və enerjinin nə zaman bərpa olunacağının əvvəlcədən məlum olmamasıdır.
“Heç bir qrafik yoxdur, ən azı yaşayış məntəqələrində belə bir qrafik mövcud deyil”, — o deyib. Onun sözlərinə görə, bu vəziyyət “plan qurmağı və işlərini təşkil etməyi” mümkünsüz edir.
Monasteriosun yaşadığı bu vəziyyət Venesuelanın müxtəlif bölgələrində yaşayan insanların təcrübəsi ilə də üst-üstə düşür.
Venesuelanın enerji böhranı ilə bağlı bazar ertəsi ölkə üzrə televiziya müraciətində ölkənin hazırkı prezidenti Delci Rodriges dəyişən hava şəraitinin və ölkənin iqtisadi artımının yaratdığı enerji tələbatını qarşılamaq, eləcə də Milli Elektrik Sistemini gücləndirmək üçün beynəlxalq tərəfdaşlıqların qurulmasının vacibliyini vurğulayıb.
Rodriges mart ayında günəşin mövsümi olaraq zenitdən keçməsi dövründə gözlənilən yüksək temperaturla əlaqədar milli enerji qənaəti planını və digər tədbirləri həyata keçirib.
Rodriges həmin vaxt bildirib ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar elektrik sisteminin bərpası istiqamətində səylərə mane olub və nəticədə elektrik enerjisi xidmətinin vəziyyəti daha da pisləşib.
Elektrik Enerjisi Nazirliyi isə “Enerjiyə qənaət et, həyata işıq saç” adlı kampaniyaya başlayıb. Kampaniya reklamlar, sosial media paylaşımları və evlərə birbaşa müraciətlər vasitəsilə əhalini enerjidən daha səmərəli istifadə etməyə çağırır.
Lakin sakinlərin sözlərinə görə, elektrik enerjisinin verilməsi hələ də qeyri-sabit və əvvəlcədən proqnozlaşdırılması çətin olaraq qalır.
Venesuelanın şimal-qərbində yerləşən Falkon ştatının Punto-Fixo şəhərində yaşayan Alba Ximenez “Sinxua”ya bildirib ki, elektrik enerjisi günün istənilən vaxtında üç saatdan altı saata qədər kəsilə bilər.
“Bu, xüsusilə məsafədən işləyən və müəyyən saatlarda internetə və digər rabitə vasitələrinə bağlı qalmalı olan insanlar üçün problemdir”, — Ximenez deyib.
Qərbi Yarakuya ştatında yerləşən La Asension icmasının sakini və kitabxanaçı Siomer İdalqo isə bildirib ki, onların yaşadığı ərazidə əsasən elektrik gərginliyinin dəyişməsi müşahidə olunur. Onun sözlərinə görə, digər icmalarda isə elektrik enerjisi müntəzəm olaraq “beş-yeddi saat müddətinə kəsilir”.
Pərvin Hacıyeva

















